İyunun 28-də Bişkek şəhərindəki Qırğızıstan–Türkiyə Manas Universitetində “Qarabağ Zəfəri” adlı sərgi açılıb. Bu barədə Azərbaycanın Qırğızıstandakı Səfirliyindən məlumat verilib.

Tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Qırğızıstan və Türkiyənin himnləri səslənib. Bakı Media Mərkəzinin çəkdiyi “Azərbaycan Ordusunun Zəfər Paradı” adlı qısametrajlı film nümayiş olunub.

Qırğızıstan–Türkiyə Manas Universitetinin rektoru, professor Alpaslan Ceylan Qarabağda 30 illik işğala son qoyan Azərbaycan Ordusunu təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizin tezliklə sağalmasını arzulayıb. Rektor Azərbaycan-Türkiyə birliyinin dostluq və qardaşlığın bariz nümunəsi olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Qələbə qazandığı Vətən müharibəsi barədə danışıb. Səfir müharibə zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəkdən də bəhs edib: “Vətən müharibəsində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi bizim üçün çox önəmli amillərdən idi. Həmçinin qardaş Türkiyə vətəndaşlarının xalqımıza verdiyi dəstək bizi daha da qürurlandırırdı”.

Türkiyənin Qırğız Respublikasındakı səfiri Əhməd Sadık Doğan çıxışında Azərbaycanın haqq savaşında haqlı qələbə qazandığını söyləyib, Azərbaycan xalqını və Türk dünyasını böyük tarixi hadisə münasibətilə təbrik edib.

Mərasimdə “Azəri” İctimai Təşkilatının fəxri prezidenti, Qırğızıstanın Əməkdar həkimi Akif Alaferdov və “AzVirt Qırğızıstan” şirkətinin direktoru Çingiz Baxişev də çıxış ediblər.

Sonra qonaqlar rəşadətli Ordumuzun Zəfər yolunu əks etdirən sərgi ilə tanış olublar.