Şərqi Antarktidada yerləşən Eymer şelf buzlağının peykdən çəkilmiş şəkillərini analiz edən alimlər aşkar ediblər ki, 2019-cu ilin qışında onun səthində görünən göl yoxa çıxıb. Həmin gölə yay vaxtı qar suyu yığılırdı. Tədqiqatçıların fikrincə, su kütləsi buz qatını deşərək okeana axıb. Araşdırmanın nəticələri “Geophysical Research Letters” nəşrində dərc edilib.

NASA peykinin 2020-ci ildə çəkdiyi şəkillərdə gölü görməyən bir qrup alim baş verənlərin mənzərəsini bərpa etməyi qərara alıblar. Radiolokasiya şəkillərinin analizi göstərib ki, 2019-cu ilin iyununda həcmi 600-750 milyon kubmetr su olan gölün yerində kraterə bənzəyən, sahəsi təqribən 11 kvadratkilometr olan, səthi parçalanmış buzlarla örtülü çökəklik qalıb. Alimlərin “buz vadisi” adlandırdığı bu yerə 2020-ci ilin yay mövsümündə yenidən qar suyu toplanaraq göl yaranıb. Lakin bu, əvvəlkindən xeyli dərəcədə kiçikdir.

Hidroyarılma prosesi kiçik şelf buzlaqlarının dağılmasına tez-tez səbəb olur. Lakin belə miqyasda – qalınlığı təqribən 1400 metr olan Eymer buzlağındakı hidroyarılma ilə alimlər ilk dəfə qarşılaşır.

Son on ildə Antarktidada havanın temperaturunun yüksəlməsi ilə bəzi şelf buzlaqlarında güclü ərimə baş verir və proqnoz modelləri göstərir ki, bu tendensiya davam edəcək. Tədqiqatçıların fikrincə, şelf buzlaqlarının səthindəki qar suları onların dağılmasına səbəb olursa, sonda bu, dəniz səviyyəsinin artmasına gətirib çıxaracaq.