Macarıstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti iyunun 29-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Budapeşt nümayəndəliyinin ofisində “Nizami Gəncəvi İli”nə həsr olunmuş tədbirdə iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbiri Türk Şurasının Budapeşt ofisinin rəhbəri Yanoş Hovari açaraq Azərbaycan nümayəndə heyətini salamlayıb. O, Türk Şurası çərçivəsində əməkdaşlıqdan bəhs edərək Macarıstanın bu qurumda müşahidəçi qismində fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Andraş Baranye çıxış edərək Azərbaycan ilə Macarıstan arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında danışıb. A.Baranye Türk Şurası çərçivəsində həyata keçirilən əməkdaşlığın iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək Türk Şurasının Budapeştdəki ofisini dərin tarixi kökləri rəmzləşdirən, Türk dünyası ilə macarları birləşdirən məkan kimi yüksək dəyərləndirib. Qeyd edib ki, hazırda həm Macarıstan, həm də türkdilli dövlətlər əməkdaşlığı dərinləşdirmək üçün səy göstərirlər. Macarıstan Türk Şurasına üç il əvvəl müşahidəçi statusunda qəbul edilsə də, əlaqələrin möhkəmləndirilməsi üçün ötən müddətdə xeyli addımlar atılıb.

Türk Şurasına bütün üzv dövlətlərin nümayəndələrinin bu görüşə təşrif gətirməsini xalqlarımız arasında təmasların daha bir təcəssümü olduğunu söyləyən Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Qazaxıstan nümayəndələri macar həmkarları ilə birgə mövcud əlaqələrin intensivləşməsinə böyük əhəmiyyət verirlər. Bu gün Türk Şurası öz strateji baxışını yaratmaq üzərində işləyir. “Türk dünyasının baxışı – 2040” bir yol xəritəsidir, ondan istifadə edərək biz müxtəlif sahələrdə, o cümlədən mədəni sahədə daha dərin əməkdaşlığa doğru irəliləyə bilərik.

Sahibə Qafarova qeyd edib ki, Türk Şurasının qarşıya qoyduğu vacib vəzifələrdən biri də beynəlxalq terrorizm, separatizm, ekstremizm və transsərhəd cinayətlərə qarşı mübarizədə fəaliyyətlərin koordinasiyasıdır. Sədr bu baxımdan tədbir iştirakçılarına xatırladıb ki, Azərbaycan 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib. Keçən il isə Azərbaycan öz hərbi-siyasi imkanlarından istifadə edərək otuzillik erməni işğalına son qoyub. Spiker təcavüzə və işğala qarşı aparılmış Vətən müharibəsində Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərinə görə Türk Şurasına üzv dövlətlərin hökumətlərinə və xalqlarına öz adından və Azərbaycan Respublikasının Milli Məclisi adından səmimi təşəkkürünü ifadə edib.

Milli Məclisin sədri vurğulayıb ki, Türkdilli Ölkələrin Parlament Assambleyası – TÜRKPA xalqlarımız arasındakı mövcud əməkdaşlığın dərinləşməsi üçün son dərəcə vacib platformadır. TÜRKPA-da müşahidəçi statusuna malik olan Macarıstanın bu qurumla inteqrasiyası dərinləşdikcə xalqlarımız bir-birinə daha da yaxınlaşacaq. Türk Şurasına üzv olmaq üçün digər ölkələrdən gələn yeni müraciətlər məmnunluq doğurur, 10-dan çox tərəfdaşımız müşahidəçi statusu almaq niyyətlərini ifadə ediblər.

Tədbirdə Macarıstanda Nizami Gəncəvi haqqında nəşr olunan kitabın tərcüməçisi Laura Pal çıxış edərək dahi Azərbaycan şairinin bəşəri dəyərlərlə zəngin irsindən söz açıb.

Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş bədii proqram nümayiş olunub.

***

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana rəsmi səfəri çərçivəsində Budapeştə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Laszlo Batyani İnstitutunun Reabilitasiya Mərkəzini də ziyarət edib.

Mərkəz 1982-ci ildə Macarıstan katolik kilsəsi tərəfindən yaradılıb. Əsas missiyası görmə, hərəkət, ünsiyyət qabiliyyətləri pozulmuş və digər fiziki imkanları məhdud olan uşaqlara yardım göstərməkdən ibarətdir. Heydər Əliyev Fondu xeyriyyə missiyasını davam etdirərək mərkəz üçün yeni korpus tikilməsi təşəbbüsü ilə çıxış edib. 2015-ci ildə tikinti başa çatdırılandan sonra həmin korpus digər binalar kompleksi ilə birləşdirilib. Beşmərtəbəli yataqxana korpusunun ümumi sahəsi 1385,26 kvadratmetrdir.

Mərkəzin kollektivi ilə söhbət edən Sahibə Qafarova deyib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə belə bir korpusun yaradılması iki dost xalq arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir. Parlament nümayəndə heyəti mərkəzin fəaliyyəti ilə tanış olub. Milli Məclisin sədri mərkəzə xatirə hədiyyəsi – Bakının tarixi təsviri olan tablo təqdim edib.

 

Bakıda isə “Bela Bartok İli”

 

Macarıstanda dahi Azərbaycan şairinin irsinə diqqət göstərildiyi kimi, Azərbaycanda da macar mədəni irsinə hörmətlə yanaşılır.

İyulun 2-də Bakıda – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ofisində məşhur macar bəstəkarı Bela Bartokun (1881–1945) 140 illik yubileyinə həsr edilmiş “Bela Bartok İli”nin açılış mərasimi keçiriləcək.

Tədbirdə təşkilatın himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim ediləcək. “Dədə Qorqud” kamera orkestri Türk dünyasının zəngin mədəniyyət və incəsənətini, xalq yaradıcılığını, dahi bəstəkarlarının əsərlərini beynəlxalq aləmdə tanıtmaq məqsədilə yaradılıb. Orkestrin bədii rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur.