Masallı Regional Mədəniyyət İdarəsi R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə rayonun bir çox ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri üçün yay ekskursiyası təşkil edilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Rəna Quluzadə Qazaxıstanda onlayn formatda keçirilən beynəlxalq müsabiqədə 1-ci yerə layiq görülüb.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin şəhər, qəsəbə və kənd kitabxana filiallarında çalışan kitabxana əməkdaşlarının iştirakı ilə onlayn seminar-müşavirə keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov iyun ayı ərzində MKS-nin əhatə etdiyi kitabxanalarda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında söz açıb. Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə Zaur Cəfərov adına şəhər 3 saylı tam orta məktəbdə “Yay məktəbi”ndə səyyar kitabxana xidməti” adlı sərgi təşkil olunub. Sərgidə Azərbaycan və rus dillərində 100-ə yaxın ədəbiyyat nümayiş etdirilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquqşünas-yazıçı Əlisəfa Azayevlə görüş keçirilib. İdarənin rəisi Faiq Xudanlı yazıçının yaradıcılığı haqqında məlumat verib. Daha sonra görüş iştirakçıları müəllifin əsərləri haqqında fikirlərini bölüşüblər.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda onlayn tədbir təşkil olunub. Ağstafa rayon Qaçaq Kərəm kənd tam orta məktəbinin 2-ci sinif şagirdləri Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyində ekskursiyada olublar. Qazax Dövlət Rəsm Qalereyasında Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər Həsən bəy Zərdabinin (1842-1907) anadan olmasının 179-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rəsul Mirzəliyev adına Qazax rayon Alpoud kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bizim çempion” layihəsi çərçivəsində görüş keçirilib.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə Sabirabad rayonunda fəaliyyət göstərən kənd mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüş keçirib. İdarənin rəisi regionların mədəni inkişafı ilə bağlı görülən işlərdən, mədəniyyət sahəsində dövlət siyasətinin yeni istiqamətlərindən söz açıb, həmçinin kənd mədəniyyət müəssisələrinin fəaliyyətindən, mövcud çatışmazlıqlardan, onların həlli yollarından danışıb.

Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay rayon MKS-nin qarşısında “açıq kitabxana” keçirilib. Sərgidə müxtəlif mövzularda kitablar nümayiş etdirilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Z.Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbində hesabat konserti keçirilib. Konsertdə məktəbin “Fantaziya” və “Turan” skripkaçalanlar, sazçalanlar ansambllarının ifasında xalq mahnıları, Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib. Gəncə şəhər MKS-nin Mərkəzi kitabxananın oxu zalı Xalq şairi Nigar Rəfibəylinin (1913-1981) anım günü (9 iyul) münasibətilə “Ayrılıqdan betər dünyada nə var” adlı onlayn ədəbi-bədii gecə keçirib. Samux rayon Mədəniyyət Mərkəzində “İnsan hüquqları və insan haqları” adlı dəyirmi masa təşkil edilib.

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi Nübar Əbdürəhmanova İtaliyada keçirilən “Gələcəyin ulduzları” beynəlxalq onlayn müsabiqəsində öz yaş qrupu üzrə I dərəcəli laureat adını qazanıb. Qax rayon İlisu kənd Diyarşünaslıq evində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib. Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində “Dünyanı heyran qoyan muğamlarımız” adlı dəyirmi masa keçirilib. Tədbirdə Xalq şairi Bəxtiyar Vahabzadənin “Muğam” poemasından və muğamlarımızdan hissələr səsləndirilib.

N.MƏMMƏDLİ