Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət “Günay” teatr-studiyası sənət ocaqlarının fəaliyyətinin məhdudlaşdığı karantin rejimi şəraitində də uğurlu yaradıcılıq işləri həyata keçirib.

Studiya “İnstagram” və “Facebook” sosial səhifələri üzərindən konsertlər təqdim edib. Belə tədbirlərdən biri də torpaqlarımızın azad edilməsinə həsr olunmuş “Zəfər” onlayn konserti olub. Beynəlxalq onlayn müsabiqələrdə uğurla iştirak edən kollektiv ümumilikdə 18 müsabiqədən yüzə yaxın laureat diplomu qazanıb. Studiya Rusiya  səfirliyinin keçirdiyi tədbirlərdə, yarışmalarda da fəal iştirak edərək mükafatlarla təltif olunub.

“Günay” teatr-studiyası Niyazinin Mənzil-Muzeyində 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş, 22 iyun tarixində isə Səməd Vurğunun Ev-Muzeyində Nizami Gəncəviyə həsr olunmuş ədəbi-musiqili kompozisiya ilə çıxış edib. Studiyanın bədii rəhbəri Larisa Tarusovanın quruluşunda “Nizami” adlı tamaşa hazırlanıb.