Asan Refatov Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri olub

XX əsrin əvvəllərində Krım tatarlarının mədəni həyatında Refatovların xüsusi xidmətləri olub. Bu ziyalı ailənin bir üzvü Asan Refatov bəstəkar-pedaqoq kimi tanınıb. Onun həyatının müəyyən bir dövrü ölkəmizlə də bağlıdır.

Asan Mamut oğlu Refatov 8 iyul 1902-ci ildə Krımın Bağçasaray şəhərində dünyaya göz açıb. Atası musiqiçi və pedaqoq idi. Asan da orta təhsilini atasının dərs dediyi məktəbdə alır. Hələ məktəbli ikən musiqiyə dərin maraq göstərir. Simli instrumental alətlərdə, fortepianoda çalmağı öyrənir. İlk not dərslərini isə böyük qardaşı, mahir kamançaçı Midətdən alır.

Asan Refatov 1922-ci ildə Ağməsciddə (Simferopol) Totaykıy Tatar Texnikumunda musiqi müəllimi kimi işə düzəlir. Az sonra burada nəfəsli orkestr təşkil edir. Gündüzlər dərs deyir, gecələr isə musiqi əsərləri yazır. Qısa zamanda “Totaykıy marşı”, Bəkir Çobanzadənin şeirinə “İgid marşı”, Şevki Bektörənin şeirinə “Qış günündə diləyim”, Umer İpçinin sözlərinə “Gənc bülbülcük” mahnılarını bəstələyir, “Leyli-Məcnun”, “Tahir-Zöhrə” və A.S.Puşkinin “Bağçasaray fontanı” poeması əsasında hazırlanan tamaşalara musiqilər yazır.

Bir müddət sonra qardaşı ilə birlikdə musiqi proqramı hazırlayır. Şəhər sakinləri qarşısında çıxış edirlər. Milli ruhlu qardaşların ideyaları tanınmış tarixçi-etnoqraf Osman Nuri Akçokraklının (1879-1938) diqqətindən yayınmır. O, Asan Refatovla görüşür və ona tatar türkləri arasında məşhur olan “Çora Batır” dastanı əsasında opera yazmağı tövsiyə edir. Beləliklə, bəstəkar 3 pərdəli opera yazır. “Çora Batır” 1923-cü ilin sentyabrında Ağməsciddəki Qızıl Əsgər Klubunda səhnəyə qoyulur və maraqla qarşılanır. Krım tatarlarının görkəmli alimi Azərbaycan dilçilik elminin banilərindən biri Bəkir Çobanzadə tamaşa haqqında yazır: “Bu opera Krım-tatar sənət tarixində ilk görülən ən güclü, ən sevimli mədəni və siyasi vaqiyə (hadisə) oldu. Əsərin müəllifləri Osman Nuri Akçokarlı və Asan Refatov bununla xalqının mədəni həyatında silinməz iz qoydular”.

Tədqiqatçı Əli Şamil araşdırmasında yazır ki, “Çora Batır” operası 1924-cü ildə ikinci dəfə səhnəyə qoyulur. Lakin ölkə rəhbərliyi operanın xalq arasında böyük maraq, insanlarda vətənpərvərlik və milli hisslər oyatmasından narahat olur. Buna görə də əsərin nümayişinə qadağa qoyulur. Bütün bunlara baxmayaraq, Asan Refatov boş dayanmır. Eyni vaxtda bir sıra tamaşalara musiqilər yazır. Zaman ötdükcə bəstəkar musiqi təhsilinin vacibliyini hiss edir. 1926-cı ildə ali musiqi təhsili almaq üçün Azərbaycana gəlir. Bakıda dahi bəstəkar Üzeyir Hacıbəyli ilə görüşür. Öz üzərində böyük səylə çalışaraq Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunur. Böyük həvəs və arzu ilə 1930-cu ildə təhsilini başa vurur. Ancaq geri dönmək istəmir.

Konservatoriyada pedaqoji fəaliyyətini davam etdirir. 1931-ci ildə konservatoriyaya prorektor təyin edilir. 1934-cü il isə 32 yaşlı A.Refatov yeni yaradılan Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri seçilir. Lakin onun bu quruma sədrliyi uzun çəkmir. O, 1935-ci ildə Krım Mərkəzi İcraiyyə Komitəsi tərəfindən vətənə dəvət edilir.

Beləliklə, bəstəkar işindən ayrılıb Krıma dönür. Orada dövlət işi ilə bərabər, bəstəkarlıq fəaliyyətini də davam etdirir. Yusif Bolatovun “Toy davam edir”, “Nəsrəddin Xoca”, İlyas Tarkanın “Hücum” pyeslərinə musiqilər yazır. Tatar xalq mahnılarını nota köçürür. Onun “Şüştər” süitası isə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Parisdə keçirilən festivala göndərilir...

Ancaq bu rahat və xoş günlərin ömrü uzun olmur. 30-cu illər repressiyasının acı yelləri Krımda da əsməyə başlayır. Milli ruhlu ziyalılar haqsız olaraq tənqid və təqibə məruz qalır. 1937-ci ilin aprelində Asan və qardaşı Reşat gizli “Turan dövləti” yaratmaqda ittiham olunuraq həbsə atılır. Bir il sonra, 1938-ci ilin avqustunda 78 yaşlı ataları Mamut Refatov da həbs edilir. Beləliklə, bolşevik müstəmləkəçiləri Krımda maarif və mədəniyyəti yaşadan bir ailənin həyatına son qoyurlar. Ancaq onların ideyalarını məhv edə bilmirlər. Çünki Refatovların zəngin mədəni-maarif mirası bu gün də öyrənilir, təbliğ edilir.

Savalan FƏRƏCOV