Azərbaycan

 

3 iyul 1940 – Xalq artisti, tanınmış pianoçu Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (1940 – 24.5.2012) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub, Əskişəhər Universiteti Dövlət Konservatoriyasında (Türkiyə) kafedra müdiri işləyib.

3 iyul 2000 – Aşıq Xaspolad Gülablı (Xaspolad Salman oğlu Mirzalıyev; 1919-2000) vəfat edib.

 

4 iyul 1920 – Azərbaycan İnqilab Komitəsi kino qurğularının milliləşdirilməsi haqqında dekret verib. Respublikadakı bütün kinematoqrafiya müəssisələri Xalq Maarif Komissarlığının yanında İncəsənət Şöbəsinin ixtiyarına verilib. Daha sonra İncəsənət Şöbəsinin yanında Mərkəzi Kinoprokat (Sentroprokat) idarəsi yaradıldı.

4 iyul 1928 – Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Kamran Nəbi oğlu Rəhimov (1928 – 4.7.2007) Naxçıvan MR Şərur rayonunun Qarabağlar kəndində doğulub. Maarif naziri (1983-1988), Ali Sovetin deputatı (1990-1995) olub.

 

5 iyul 1851 – Publisist, alim və ictimai xadim İsasultan Nəcəfqulu oğlu Şahtaxtinski (1851 – 18.10.1894) İrəvanda anadan olub. “Tiflisski vestnik” qəzetində şöbə müdiri, “Kavkazski almanax”ın təsisçisi, naşiri və redaktoru olub.

5 iyul 1928 – Əməkdar artist Əzizağa (Ağababa) Qasım oğlu Qasımov (1928 – 18.2.1985) Bakıda doğulub. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru olub, filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar oynayıb. 

 

6 iyul 1918 – Yazıçı-tərcüməçi Şəfiqə Əli qızı Ağayeva (1918-1983) Ağdamda anadan olub. Azərbaycan uşaq ədəbiyyatının inkişafına töhfələr verib. Rus yazıçılarının uşaq və yeniyetmələr üçün hekayə və povestlərini dilimizə tərcümə edib.

6 iyul 1947 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Xanlar Daşdəmir oğlu Cəfərov (1947-2016) anadan olub.

 

Dünya

 

3 iyul 1883 – Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka; 1883 – 3.6.1924) Praqada doğulub. Əsərləri:  “Bir xanımın xülasəsi”, “İtaətkarla söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi” və s.

3 iyul 1908 – Fransız yazıçısı və ssenaristi Toma Narsejak (Thomas Narcejac, əsl adı Pierre Robert Ayraud; 1908-1998) anadan olub.

 

4 iyul 1676 – İspan dramaturqu Xose Kanisares (1676-1750) anadan olub.

4 iyul 1918 – Rus filosofu, kulturoloq, “Mədəniyyətlərin dialoqu” konsepsiyasının müəllifi Vladimir Bibler (1918-2000) anadan olub.

4 iyul 1927 – Amerika dramaturqu və ssenaristi Nil Saymon (Marvin Neil Simon; 1927-2018) anadan olub. “Qəribə cütlük”, “Parkda ayaqyalın” və s. komediyaları ilə məşhurlaşıb.

 

5 iyul 1812 – İspan yazıçı-dramaturqu Antonio Qarsia Qutteres (Antonio Garcia Gutierrez; 1812-1884) anadan olub. Dramaturqun “Trubadur” pyesi əsasında italyan bəstəkarı Cüzeppe Verdi eyniadlı opera yazıb.

5 iyul 1889 – Fransız yazıçısı, rəssam, teatr nəzəriyyəçisi Jan Kokto (Jean Maurice Eugene Clement Cocteau; 1889-1963) anadan olub. “Əllamə Toma”, “Ədəbsiz uşaqlar” romanlarının, “Antiqona”, “Orfey” pyeslərinin müəllifidir.

5 iyul 1901 – SSRİ Xalq artisti, rejissor, aktyor, rəssam, yazıçı Sergey Obrazsov (1901-1992) anadan olub. Uzun illər Moskvada Mərkəzi Kukla Teatrına rəhbərlik edib.

 

6 iyul 1859 – İsveç şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1916) Karl Qustav Verner fon Heydenstam (Carl Gustaf Verner von Heidenstam; 1859-1940) anadan olub. Əsərləri: “Endimion”, “XII Karlın döyüşçüləri” və s.

6 iyul 1887 – Yəhudi əsilli rus-fransız rəssamı Mark Zaxaroviç Şaqal (Xaskeleviç; 1887-1985) anadan olub. Rəngkarlıq və qrafika əsərləri ilə bədii avanqardın ən tanınmış simalarından biridir.

Hazırladı:  Vüqar ORXAN