Azərbaycan Dövlət Film Fondu tərəfindən qiymətli arxiv materialları əldə olunub. Fonddan bildirilib ki, şəxsi mənbələrdən daxil olan kinoxronika materiallarının araşdırılması zamanı rejissor Abbas Mirzə Şərifzadənin “Hacı Qara” filminə aid bir fraqment aşkar edilib.

Xatırladaq ki, 1928-ci ildə çəkilmiş filmin kinolenti bu günə gəlib çatmayıb. Buna görə də fondun əməkdaşları kino tədqiqatçısı Ədhəm Qulubəyovun 1960-cı ildə rus dilində çap olunmuş “Azərbaycanda kino sənəti” kitabını əsas götürərək araşdırmalar aparıblar. Kitabın 16-cı səhifəsində görkəmli aktyor Mirzəağa Əliyevin Hacı Qara obrazında fotosu əks olunub.

Məlumata görə, fotonun və videokadrların müqayisəsi zamanı, həmçinin kino lentinin texniki xüsusiyyətləri fondun mütəxəssislərində tam əminlik yaradıb ki, aşkarlanan və kino lentindən köçürülərək rəqəmsallaşdırılan 38 saniyəlik epizod bu günədək bir neçə fotodan başqa heç bir görüntüsü mövcud olmayan “Hacı Qara” filminə aiddir.

Qeyd edək ki, “Hacı Qara” filminin quruluşçu rejissoru Abbas Mirzə Şərifzadə, ssenari müəllifi Cəfər Cabbarlı, operatoru İvan Tartakovskidir. Rollarda Mirzəağa Əliyev, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli, Sidqi Ruhulla, Mərziyyə Davudova, Hacıağa Abbasov, Əzizə Məmmədova və başqa aktyorlar çəkiliblər.