“Əmman – 100 illik yürüş”

 

İyunun 30-da İçərişəhərdəki Bakı Fotoqrafiya Evində İordaniya dövlətinin yaradılmasının 100 illiyi münasibətilə “Əmman – 100 illik yürüş” adlı fotosərgi açılıb.

Sərgi İordaniya Haşimilər Krallığının Azərbaycandakı Səfirliyi, Əmman Şəhər Hakimiyyəti və “İçərişəhər” İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Tədbiri “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova açaraq bildirib ki, iyulun 4-dək davam edəcək sərgidə İordaniya paytaxtının siyasi, tarixi və mədəni həyatını, şəhərin son yüz ildəki tarixini əks etdirən 40 fotoşəkil nümayiş olunur.  Sərgidə Əmman şəhərinin sakinləri, mədəni irsi, memarlıq abidələrinin əks olunduğu fotolar da yer alıb.

İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdullah Ğoşeh iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirərək sərginin maraq doğuracağına inamını ifadə edib.

Əmman şəhərinin meri Yusif Şavarben video formatda mərasimə qoşularaq tədbir iştirakçılarını salamlayıb və sərginin əhəmiyyətindən söz açıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Tədbirdə İordaniya Krallığı haqqında tanıtım filmləri nümayiş olunub, bu ölkənin milli musiqisi səslənib.