Bu həyatda bizlər üçün ailədən, sevdiklərimizdən də dəyərli tək bir varlıq var. O varlıq ki, heç düşünmədən yolunda canımızı fəda edirik. Bu uca varlığın adı ana Vətəndir! Qırx dörd günlük Vətən müharibəsində doğma yurdun azadlığı üçün qorxmadan canından keçən igidlərimizdən biri də Sadiq Məmmədovdur.

Sadiq Mübariz oğlu Məmmədov 1991-ci il avqustun 15-də Siyəzən rayonunda anadan olub. 1998–2009-cu illərdə Siyəzən rayon 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgəri borcunu yerinə yetirdikdən sonra müxtəlif sahələrdə fəaliyyət göstərib, ailəsinin güzəranını təmin edib.

Sadiq 2020-ci ilin iyun ayında müddətdən artıq hərbi xidmət qulluqçusu kimi yenidən şanlı əsgər formasını geyinərək Gəncə şəhərindəki N saylı hərbi hissədə fəaliyyətini davam etdirir. Sentyabrın 27-də başlanan Vətən müharibəsində digər igid oğullarımız kimi ön cəbhədə yerini alır. Bir çox döyüşdə iştirak edərək qəhrəmanlıq göstərir. Səkkizə yaxın yaralı əsgər yoldaşını döyüş zonasından çıxararaq həyatlarını xilas edir. Oktyabrın 2-də Murovdağ yüksəkliyi uğrunda döyüşlərdə yaralı yoldaşlarını xilas edərkən xain düşmənin gülləsinə tuş gəlir və şəhadət şərbətini içir.

Şəhidin həyat yoldaşı Mapəri Məmmədova Sadiqlə 2013-cü ildə ailə həyatı qurduqlarını deyir: “Əsnad və Bahar adında iki qız övladımız dünyaya gəlib. Müharibə zamanı Sadiq mənə zəng eləyib dedi ki, qızlarımız üçün yaman çox darıxmışam: “Yuxuda görüb o qədər ağlamışam ki, amma az qalıb Zəfərlə dönəcəyəm, siz də hazırlaşın, burada hər şey yolundadır. Qızlarımızın doğum gününü qeyd edib qayıdarıq Gəncəyə. Pəri, düşün ki, şəhid olmuşam, o zirvəyə qalxmışam. O ali mərtəbəyə ucalmaq hər oğula qismət olmur. Tək problem sizdən ayrı qalmaqdır. Qızlarımızın böyüdüyünü görməmək, birlikdə qurduğumuz xəyallarımızın yarımçıq qalması məni çox kövrəldir. Şəhid olsam, qızlarımız sənə, sən də Allaha əmanətsən. Onları biz istəyən kimi böyüt”. Allah Sadiqə və bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun”.

Sadiq Məmmədov oktyabrın 4-də Siyəzən rayon qəbiristanlığında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Ruhu şad olsun.

NURƏDDİN