Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yay tətili günlərində şəhid övladlarının, sağlamlıq imkanları məhdud, eləcə də aztəminatlı ailələrin üzvləri, valideyn himayəsindən məhrum olan uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə ekskursiya təşkil edib.

Ekskursiyada müvafiq kateqoriyalardan olan 25 nəfər uşaq iştirak edib. Uşaqlar Heydər Əliyev Muzeyi, Döyüş Şöhrəti Muzeyi, Nəbatat bağı, Xatirə muzeyi ilə tanış olublar.

Döyüş Şöhrəti Muzeyində müxtəlif növ silah, texnika və qurğu, döyüş-nəqliyyat vertolyotu, tanklar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş etdirilir.

AMEA Naxçıvan Bölməsinin Nəbatat bağı 2003-cü ildə salınıb. Burada dünyanın müxtəlif coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından toplanılan torpaq və iqlim xüsusiyyətlərinə malik 200-dən çox ağac əkilərək tədqiq olunur.

Xatirə muzeyində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir.

Sonda uşaqlar Naxçıvan Dövlət Film Fondunda “Matteo Falkone” (rejissor Tofiq Tağızadə) filminə baxıblar.