Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ABŞ-da yaşayan istedadlı gənc rəssam Tokay Zamanın rəsm sərgisi təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, sərgidə ABŞ-da doğulan və yaşayan rəssamın qədim və müasir Azərbaycana, Şuşanın tarixinə və erməni işğalından azad olunmasına həsr etdiyi yağlı boya ilə çəkilmiş əsərləri nümayiş olunub.

Sərginin açılışında Türkiyə, İsrail, Rusiya, Polşa, Yaponiya, Litva və digər ölkələrin media təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin üzvü Tural Gəncəliyev mədəniyyət paytaxtımızda keçirilən sərginin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporunun fəal nümayəndəsi Elmira Əliyeva çıxışında qeyd edib ki, bənzər tədbirlər Azərbaycanla ABŞ arasında mədəni körpü rolunu oynayır. İştirakçılar xalqımız və dünya azərbaycanlıları üçün müqəddəs şəhər sayılan Şuşada olmaqdan qürur hissi keçirdiklərini vurğulayıblar.

Sonda gənc rəssam Tokay Zamanın Şuşanın işğaldan azad olunmasına həsr etdiyi “Şuşa, sən azadsan!” adlı tablosu Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyinə hədiyyə edilib.