Gənclərin İnkişaf və Karyera Mərkəzi Sabirabad nümayəndəliyinin əməkdaşları Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzinin qonağı olublar. Ziyarət zamanı gənclərə müəssisə haqqında ətraflı məlumat verilib, mərkəzin iş prinsipi ilə yaxından tanışlıq olub.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı “XII əsrdə Nizami Gəncəvi yaradıcılığında multikultural dəyərlər” başlıqlı onlayn tədbir keçirib. Çıxışlarda dahi şairin yaradıcılığının multikulturalizm və tolerantlıq elementləri ilə zəngin olduğu vurğulanıb. Tədbirdə Nizaminin əsərlərindən parçaları səsləndirilib. Samux rayon Sərkar kənd Uşaq musiqi məktəbi səs-muğam sinfinin V sinif şagirdi Süleyman Hüseynov Qazaxıstanın Nur-Sultan şəhərində onlayn formada keçirilən çoxjanrlı “Art Sensation” beynəlxalq musiqi festivalında 13-15 yaş qrupunda I dərəcəli laureat adını qazanıb. Süleymanın müəllimi Fuad Ramazanov isə təşəkkürnamə ilə təltif olunub. Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov diplomu və təşəkkürnaməni sahiblərinə təqdim edərək onlara yeni nailiyyətlər arzulayıb. Gəncə şəhər MKS-nin oxu zalı ustadlar ustadı Aşıq Alının (1801-1911) anadan olmasının 220 illiyi münasibətilə “Aşıq Alı sənətinin zirvəsi” adlı onlayn ədəbi-bədii gecə keçirib. Çıxış edənlər ustadın Azərbaycan aşıq sənətində yerindən və rolundan danışıblar. Goranboy rayon Mərkəzi Kitabxanasının əməkdaşları N.Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi təşkil ediblər. Sərgidə şairin həyat və yaradıcılığından bəhs edən 50-dən çox kitab və dövri mətbuat materialları nümayiş etdirilib.

Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay rayon 5 saylı orta məktəbin direktoru Vüqar Məlikov və 7-ci sinif şagirdləri M.Ə.Sabir adına Göyçay rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində ekskursiyada olublar. Şagirdlərə kitabxana və onun şöbələrinin fəaliyyəti haqqında ətraflı məlumat verilib. MKS-nin 11 saylı Məlikkənd kənd kitabxana filialında “açıq kitabxana” təşkil olunub. Tədbirdə müxtəlif yaş qrupundan şagirdlər və kitabxananın fəal oxucuları iştirak ediblər.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa şəhər Hüseyn Arif adına Uşaq musiqi məktəbinin “Günəş” vokal kvarteti “Üç alov” adlı uşaq və gənclər arasında onlayn beynəlxalq yaradıcılıq festivalında 2-ci yerə layiq görülüb. Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanasının Uşaq şöbəsi “Yay məktəbi” çərçivəsində “Mən oxudum, sən də oxu” adlı “nağıl saatı” keçirib. Tədbirdə Fərəhli kənd Kamran Kərimov adına ümumi məktəbin 1-ci və 3-cü sinif şagirdləri iştirak ediblər. Uşaqlara kitablardan maraqlı nağıl və hekayələr oxunub, nağıl qəhrəmanlarının yaxşı cəhətləri barədə fikir mübadiləsi aparılıb.

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Bayan kənd kitabxanasında “Yay məktəbi” ilə əlaqədar “açıq kitabxana günü” təşkil edilib. Tədbirdə şagirdlər və ali məktəb tələbələri iştirak ediblər. Kitabxanaçı Nigar Nurməmmədova iştirakçıları Nizami Gəncəvinin əsərlərindən ibarət olan kitab sərgisi ilə tanış edib. Oğuz rayon MKS-nin 19 saylı Dəymədərə kənd kitabxanasında isə “Tariximizi öyrənək” adlı səyahət təşkil edilib. Rayonun Kərimli-Yaqublu ərazisindən başlanan gəzintidə tarix müəllimi Adilə İsmayılova məktəblilərə buradakı kurqanlar haqqında məlumat verib. Balakən rayon Katex kənd Folklor evi “Aşıq Ələsgərin saz-söz dünyası” başlığı altında videokonfrans keçirib. Sənətkarın 200 illiyi münasibətilə təşkil olunan tədbirdə çıxış edənlər Dədə Ələsgərin Azərbaycan xalq şeirinin inkişafına verdiyi töhfələrdən, ədəbiyyatımızda dərin iz qoymasından söz açıblar.

Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad Xalq teatrının aktyoru Buludxan Buludov teatr sahəsində xidmətlərinə görə regional idarənin fəxri fərmanı ilə təltif olunub. İdarənin rəisi Bəxtiyar Qılıncov fəxri fərmanı aktyora təqdim edərək ona yeni yaradıcılıq uğurları arzulayıb. Masallı rayon Mədəniyyət Mərkəzində regional idarənin təşkilatçılığı ilə keçirilmiş “Yaz festivalı”nın qaliblərinə də diplomlar təqdim olunub. Mərasimdə çıxış edən idarənin rəisi B.Qılıncov festivalın əhəmiyyətini vurğulayıb, qaliblərə xoş arzularını çatdırıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Qubadlı rayon Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinin direktoru Əlövsət Sərməsov, Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbinin direktoru Mirkamil Ağamirov və Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbinin direktoru Lətafət Müfidzadə mədəniyyət sahəsində çoxillik səmərəli fəaliyyətlərinə görə fəxri fərmanla təltif ediliblər. İdarənin rəisi Rəşad Əliyev Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində mədəniyyət işçilərinə mükafatları təqdim edib, onlara fəaliyyətlərində nailiyyətlər diləyib.

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər MKS-nin 1 nömrəli şəhər kitabxana filialı kiçik yaşlı uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə səyyar kitabxana xidməti təşkil edib.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala rayon MKS-nin Həsənabad qəsəbə kitabxana filialında “Biz doğma yurdlarımıza qayıdacağıq” başlıqlı məlumat sərgisi təşkil edilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil edilən “Kür” ədəbi məclisi üzvlərinin Azərbaycan Yazıçılar Birliyi Gənclər şurasının sədri Fərid Hüseynlə görüşü keçirilib. Kürdəmir rayon Mərkəzi Kitabxanasında gerçəkləşən tədbiri regional idarənin rəisi Faiq Xudanlı açaraq F.Hüseynin yaradıcılığı haqqında fikirlərini bölüşüb. Sonra şair “Kür” ədəbi məclisi üzvlərinin suallarını cavablandırıb. Sonda müəllif oxucular üçün kitablarını imzalayıb.