Yunus Əmrənin vəfatının 700-cü ildönümünə həsr olunmuş beynəlxalq simpozium

 

İyulun 12-də Ankarada Türk dünyasının böyük mütəfəkkiri, türkcənin ədəbi dil kimi təşəkkül tapmasında müstəsna xidmətləri olmuş şair Yunus Əmrənin vəfatının 700-cü ildönümünə həsr olunmuş “Türkcənin Anadoluda yazı dilinə çevrilməsi” adlı beynəlxalq simpozium işə başladı.

Simpozium Türkiyə Cümhuriyyəti Prezidenti Administrasiyasının himayəsi  və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türk Dil Qurumu və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdən əvvəl “Yunus Əmrə: gəl, gör məni” adlı rəsm sərgisinin açılışı oldu. Sərgi Yunus Əmrənin həyat və yaradıcılığını, yaşadığı dövrü əks etdirir.

Simpoziumda açılış nitqi söyləyən Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin 2021-ci ilin Türkiyədə “Yunus Əmrə və Türk Dili İli” elan edilməsi münasibətilə gördükləri işlərdən danışdı. Bildirdi ki, türkcə ilə bağlı 38 təkrar, 66 yeni nəşr hazırlanıb, qurumun kitabxanasına 3 mindən çox yeni əsər təqdim olunub ki, bunlardan 60-ı əlyazmalardır. Hazırda “Türkiyə türkcəsi və dialekt atlası” layihəsi üzərində iş davam edir. Türkcə ilə əlaqədar 6 min yaşayış yerində aparılan araşdırmalar əsasında 200-ə qədər xəritə hazırlanacaq.

G.Gülsevin Türk Dil Qurumunun son otuz ildə fəaliyyətinin nəticəsi olan 1 milyon 200 min sözdən ibarət “Türkiyə türkcəsinin tarixi” lüğətinin bir hissəsinin bu ilin sonuna qədər təhvil veriləcəyini bildirdi.  Professor elm qurumunun “Türkiyə türkcəsilə qarşılıqlı olaraq Azərbaycan, qazax, qırğız, türkmən, özbək, tatar türkcələrində danışma” layihəsinın də sentyabr ayında tamamlanacağını qeyd etdi.

Yunus Əmrə İnstitutunun rəhbəri, professor Şərəf Atəş Yunus Əmrə yaradıcılığından bəhs edərək bildirdi ki, xalqın içindən çıxan mütəfəkkir şair və alim xalqının dilini – türkcəni yüksək səviyyəyə qaldırıb: “Yunusun sözləri Quranın türkcəsidir. Dünya Yunusun sözlərilə daha yaşanılır hala gəlir və gələcək”.

Simpoziumun açılışında Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov,  Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun başqanı Məhəmməd Həkimoğlu da çıxış etdilər.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov simpozium çərçivəsində keçirilən “Müqayisəli türk ləhcələri lüğəti” kitabının otuzilliyi və Türk dünyasında türkologiya” mövzusunda paneldə çıxış etdi. Akademik bildirdi ki, türkcənin arxasında böyük güc dayandığı üçün türk dili daha da inkişaf edəcək: “Atatürkün danışdığı türkcədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya miqyasında çox gözəl danışır. Əgər bizim dövlət başçılarımız gözəl danışırsa, türkcəmiz mütləq dünya dillərindən biri olacaq, çünki bunun arxasında türk dünyasının böyük gücü dayanır. Böyük güc olmayan yerdə də dilimizin inkişafı çətin olardı”.

Qeyd edək ki, “Müqayisəli türk ləhcələri lüğəti” kitabını hazırlayan alimlər TÜRKSOY tərəfindən simpoziuma dəvət olunublar. Kitabın Azərbaycan bölməsi mərhum alim Ələddin Əliyev tərəfindən hazırlanıb.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli iyulun 13-də keçirilən paneldə çıxış edib.

“Türkcənin Anadoluda yazı dilinə çevrilməsi” beynəlxalq simpoziumu iyulun 14-də başa çatacaq.

Mehparə SULTANOVA
Ankara