Monitorinq Mərkəzi hesabatını təqdim edib

 

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi informasiya saytları ilə bağlı hesabat hazırlayıb. İyulun 9-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında monitorinq hesabatının təqdimatına həsr olunmuş “Saytların dil mənzərəsi” mövzusunda tədbir keçirilib.

Müzakirələrdə dilçi alimlər, ziyalılar, monitorinqi aparılmış saytların nümayəndələri iştirak ediblər.

Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva dilimizin saflığının qorunmasının, daim diqqətdə saxlanılmasının bütün kütləvi informasiya vasitələrinin, o cümlədən saytların ümumi işi olduğunu vurğulayıb. Qeyd edib ki, bu, olduqca vacib məsələdir. Azərbaycan dilinin inkişafı, onun saflığının qorunması və təkmilləşdirilməsi istiqamətində müvafiq fərman və sərəncamlar imzalanıb, dövlət proqramları həyata keçirilib.

Sevinc Əliyeva vurğulayıb ki, 60-dan artıq saytı əhatə edən monitorinqin nəticələrinə dair hesabatda ümumilikdə beş mindən artıq dil faktı qeyd olunub. Bildirilib ki, 2020-ci il oktyabrın 15-dən fəaliyyətə başlayan Monitorinq Mərkəzinin əsas məqsədi dilimizin saflığını qorumaq və Azərbaycan dilinin düzgün tətbiqi məsələlərinə nəzarət etməkdir.

Mərkəzin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, dosent Şahlar Məmmədovun monitorinqlərin nəticələrini əks etdirən “Saytların dil mənzərəsi” mövzusunda hesabat məruzəsi dinlənilib. O, monitorinqin aparılması prinsipləri haqqında məlumat verib, saytlarda rast gəlinən norma pozuntuları, mövcud vəziyyətdən çıxış yolları ilə bağlı təklifləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bildirib ki, saytları monitorinq etməkdə məqsəd ədəbi dil normalarının pozulması hallarını müəyyən edərək təhlillər aparmaq, statistik baxımdan araşdırmaq, qüsurları aradan qaldırmaq istiqamətində təkliflər irəli sürmək, eləcə də gücləndirici tədbirlər görməkdir.

AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, professorlar Qəzənfər Kazımov, Sayalı Sadıqova, Sənubər Abdullayeva, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, AZƏRTAC-ın baş redaktoru Yaşar Quluzadə, monitorinqə cəlb olunmuş sayt redaksiyalarının təmsilçiləri hesabatın nəticələrinə münasibət bildirərək, fikirlərini bölüşüblər. “Mədəniyyət” qəzetinin baş redaktorunun müavini  Fariz Yunisli geniş zəhmət tələb edən belə bir monitorinqin aparılmasına görə təşkilatçılara təşəkkürünü  bildirərək, medeniyyet.az saytı ilə bağlı hesabatda əks olunan məqamlara dair fikirlərini bildirib, həmçinin bu xüsusda bir sıra qeyd və təkliflərini diqqətə çatdırıb.

***

Yeri gəlmişkən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən televiziya kanallarında aparılan monitorinq də yekunlaşıb.

Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva bildirib ki, telekanalların monitorinqi ilə bağlı nəticələr hazırda toplanılır və sentyabrda hesabat təqdim olunacaq.

Bundan sonra radioların biraylıq monitorinqi başlanacaq. Daha sonra isə ən problemli sahə olan reklamların monitorinqi aparılacaq.