Farsdilli mənbələr əsasında

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin əməkdaşı Elxan Quliyevin “XIII-XIV əsrlər Azərbaycanda elm və mədəniyyət (farsdilli mənbələr əsasında)” kitabı çap olunub.

Kitabın elmi redaktoru institutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.

Nəşrin məqsədi XIII-XIV əsrlərdə farsdilli qaynaqlarda Azərbaycanın elm və mədəniyyət tarixinə dair məlumatları üzə çıxarmaq, habelə müasir tədqiqat əsərlərindən faydalanaraq həmin dövrlərdə Azərbaycanın elm və mədəniyyət tarixini işıqlandırmaqdır. Bəhs olunan dövrlərdə fars dilində yazılan tarixi mənbələrdə Azərbaycan elm və mədəniyyət tarixinə dair məlumat və faktlar kitabın əsasını təşkil edir.

Kitab XIII-XIV əsrlərdə Azərbaycanda mənəvi və mədəni həyat, dini görüşlər, bayramlar, toy və yas mərasimləri, elm və mədəniyyət ocaqları, kitabxanalar, səhiyyə, humanitar, ictimai, dəqiq və təbiət elmləri, eləcə də incəsənət, peşə və sənətkarlıq, şəhərsalma və memarlıq haqqında geniş təsəvvür yaradır.

Nəşr müəllim və tələbələr, eləcə də idarəetmə ilə məşğul olan vəzifəli şəxslər, Azərbaycanın elm və mədəniyyət tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.