Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

Deyilməyən sözü demə əğyara,
Deyil tək əğyara, hətta dostlara.
Sirrini bilməsin evdə divarlar,
Divar dalında da çünki qulaq var.
Gizləyə bilməsən sirri qohumdan,
Onu qəlbinə də buraxma bir an.

(“Xosrov və Şirin”)

Dənizə min çay axar, o yenə sakit durar,
Arxa bir sel gələndə çalxanıb ləngər vurar.

(“Sirlər xəzinəsi”)

Baş vaxtından əvvəl ucalsa əgər,
Özü təpəsinə şillə endirər.

(“Leyli və Məcnun”)

Ürəkdə arzun var, çatarsan əlbət.
Qoyma ki, qarışsın işə xəyanət.

(“Yeddi gözəl”)

Örtülü adamdan sirrini saxla,
Onlardan məsləhət eşitmə əsla.

(“İsgəndərnamə” – “İqbalnamə”)

Hər bəndin açarı səbrdir, inan!
Səbirli kimsələr olmaz peşiman.

(“İsgəndərnamə” – “Şərəfnamə”)