COVID-19 pandemiyasına görə tətbiq edilən məhdudiyyətlər azaldıqca kinoteatrların mənfəətinin 2021-ci ildə bərpa ediləcəyi gözlənilir. Bu barədə “PricewaterhouseCoopers” (PwC) şirkətinin illik icmalında deyilir.

Qeyd olunur ki, bərpa prosesinə baxmayaraq, kinoteatrların mənfəətinin 2024-cü ilədək pandemiyadan əvvəlki səviyyəyə çatmayacağı proqnozlaşdırılır. Ötən il kinoteatrların kassa daxilolmaları 71% azalıb.

İcmalda həmçinin qeyd olunub ki, evdə izləmək üçün mövcud olan ənənəvi televiziya və video məzmunu hələ də əyləncə və media sənayesinin ən böyük istehlakçı seqmentidir (219 milyard dollar), lakin qarşıdakı 5 il ərzində bu seqmentin azalması (orta hesabla 1,2%) davam edəcək.

PwC-yə görə, qlobal əyləncə və media sənayesinin gəlirləri keçən il 3,8% azalaraq 2019-cu ildəki 2,1 trilyon dollardan 2 trilyona dollara düşüb. Bu, PwC-nin 22 illik araşdırmalarında ən böyük azalmadır. Şirkət qlobal əyləncə və media bazarının rəqəmsal məzmuna və reklama olan tələbat sayəsində 2021-ci ildə 6,5%, gələn il isə 6,7% böyüyəcəyini gözləyir.