Heydər Əliyev Sarayının nəzdində fəaliyyət göstərən Prodüser Mərkəzinin qalibləri müəyyən olunub.

Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, Mədinə Ağayeva, Emin Məmmədov, Əntiqə Yusifova, Rəşad Ağayev və Kənan Məmmədzadə layihəyə qatılmış istedadlı gənclərin arasında seçilərək qalib olublar.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılan Prodüser Mərkəzinin əsas məqsədi istedadlı gənclərin üzə çıxarılması, müasir yanaşma tərzi ilə ictimaiyyətə təqdim olunmasıdır. Qalib gənclərin qarşıdakı mövsümdən mədəniyyətimizin yeni simaları kimi ölkəmizdə və xaricdə təbliğ olunması nəzərdə tutulur.

Qeyd edək ki, qalib gənclərin müəyyən repertuarlarının hazırlanması, səs yazılışları, vokal dərsləri, səhnə hərəkətləri, imic və stilistikasının formalaşması, klip çəkilişləri, yerli və beynəlxalq tədbirlərdə, festivallarda və səs yarışlarında iştirakı Prodüser Mərkəzi tərəfindən təmin olunacaq.