“Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası çərçivəsində onlayn görüş keçirilib. İyulun 17-də gerçəkləşən görüşdə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə, Böyük Britaniyanın Koventri Universitetində Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun qurucusu və rəhbəri, professor Mayk Hardi, Avstraliyanın Mədəni İnfuziya və Müxtəliflik Atlasının təsisçisi Peter Musaferaidis, HOPE təşkilatının qurucusu Xavyer Qonzalez, digər şəxslər iştirak ediblər.

Vasif Eyvazzadə “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının əsas hədəfləri, mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”, bu platforma əsasında ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu mövzusunda danışıb. Qeyd edib ki, Azərbaycan tərəfinin məqsədi regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, xalqlar və mədəniyyətlər arasında uğurlu dialoq və etimadın qurulması, birgə yaşamaq və bir-birinə hörmət mədəniyyətini daha da inkişaf etdirərək, milli və beynəlxalq səviyyəli davamlı tərəqqiyə nail olmaqdan ibarətdir.

Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğaldan azad edilən torpaqlarına geri dönəcək məcburi köçkünlərin yeni həyat şəraitinə uyğunlaşması, mədəniyyət və yaradıcılıq qabiliyyətlərinin artırılması, yaradıcı peşə və layihələrin inkişaf etdirilməsi yolunda fəaliyyət davam etdiriləcək.

Daha sonra HOPE  təşkilatının rəhbəri X.Qonzalez təşkilatın missiya və vəzifələri barədə təqdimat edib. O, həmçinin miqrant və qaçqınların təhsil, peşə vərdişlərinin formalaşdırılması haqda bir sıra vacib məsələlərdən və layihələrdən bəhs edib.

Son 8 ildə “Bakı Prosesi” ilə bağlı tədbirlərdə Azərbaycan tərəfin məsləhətçisi olduğunu vurğulayan professor Mayk Hardi bu platformada bütün mühüm layihələrin, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin irəli sürdüyü “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşün sonunda müzakirə olunan təşəbbüs və layihələr istiqamətində birgə yol xəritəsinin hazırlanması barədə razılığa gəlinib.