TÜRKSOY-un səyyar sərgisi Yalovada nümayiş olunub

 

Türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən təşkil olunan sərginin Türkiyənin şəhərlərində səyyar nümayişi davam edir.

Növbəti tədbir Yalova şəhərində təşkil olunub. Sərgi Yalova Folklor Təhsil Mərkəzi Gənclər və İdman Klubları Dərnəyi (YAFTM) tərəfindən bu il 24-cü dəfə təşkil edilən “Türk xalqlarının mədəniyyət festivalı” çərçivəsində düzənlənib.

YAFTM tərəfindən ənənəvi olaraq təşkil edilən və türk xalqlarının görüş yerinə çevrilən festival iştirakçıların kortej yürüşü ilə başlayıb. Müxtəlif ölkələrdən sənətçilərin və xalq rəqs qruplarının qatıldığı yürüş rəngli görüntülərlə yadda qalıb.

Sərginin açılış mərasimində TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, YAFTM-in rəhbəri Özer Koyuncu, Yalova şəhər Mədəniyyət və turizm şöbəsinin müdiri Şeref Tali və TÜRKSOY İdarə, Maliyyə və Hüquq İşləri şöbəsinin müdiri Sancar Mülazımoğlu iştirak ediblər.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan fotoqraflarının çəkdikləri şəkillər maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın tarixi-mədəni irsi və müasir inkişafını əks etdirən fotoların yer aldığı sərgi bundan öncə Ankara, İzmir (Seferihisar), Aydın, Dənizli və İsparta şəhərlərində nümayiş olunub.

Mehparə SULTANOVA
Ankara