Prezident və Birinci vitse-prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik ediblər

 

Prezident İlham Əliyev müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik müraciəti ünvanlayıb.

Təbrikdə deyilir:

Hörmətli həmvətənlər!

Sizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

İnsanları humanizmə, mərhəmətə və vəhdətə dəvət edən Qurban bayramında müsəlmanlar Haqq yolunda, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Ulu Yaradana yaxınlığın sevincini yaşayırlar.

Bəşər mədəniyyətinin möhtəşəm mərhələsini təşkil edən İslam sivilizasiyası xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi İslam adət-ənənələri və mənəvi-əxlaqi dəyərləri Azərbaycanda hər zaman uca tutulmuşdur. İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri kimi Azərbaycan dünya mədəniyyətinə və elmi-fəlsəfi fikrinin inkişafına misilsiz töhfələr bəxş etmişdir.

Əziz bacı və qardaşlarım!

Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın nurlu xatirəsini bu mübarək bayram günlərində dərin ehtiramla yad edirik. Xalqımız şəhidlərimizin şərəfli adını heç zaman unutmayacaq, onların ailələri və qazilərimiz dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunacaqdır. Əminəm ki, ölkəmizin rifahı, firavanlığı üçün edilən dualar, torpaqlarımızın işğaldan azad olunmasının doğurduğu Qələbə ovqatı və Allaha şükranlıq hissi ilə kəsilən qurbanlar cəmiyyətimizdə milli-mənəvi həmrəylik ruhunu daha da gücləndirəcək, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

Dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hamınıza xoşbəxtlik, ailələrinizə əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstaqram” səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

Əziz həmvətənlər! Sizi və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində sizin bütün xoş arzu və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, gözəl əhval-ruhiyyə və bol sevincli anlar arzulayıram. Allah bütün dualarınızı və qurbanlarınızı qəbul etsin, bütün insanlara sağlıq və səadət, hər bir ölkəyə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin! Xalqımızın Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarının xatirəsini ehtiramla yad edir, onların doğmalarına və yaxınlarına səbir diləyirəm. Uca Tanrı hər zaman dünyamızı qorusun!