Azərbaycan Mətbuat Şurasının “Ali Media Mükafatı”nın 2021-ci il üzrə laureatlarının adları açıqlanıb.

Şuranın mükafatına Kəlbəcərdə şəhid olmuş media təmsilçiləri – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və COVİD-19 xəstəliyindən dünyasını dəyişmiş hərbi jurnalist Rəşad Süleymanov (hər üçü ölümündən sonra) layiq görülüblər.

Məlum olduğu kimi, Mətbuat Şurası hər il ömrünü peşəsinə həsr etmiş jurnalistləri Ali Media Mükafatı ilə mükafatlandırır. 2011-ci ildən başlayaraq mükafatın laureatlarının adları 22 iyul – Milli Mətbuat Günündə açıqlanır və 3 dərəcə üzrə təqdim olunur. 2021-ci ildə Şura qərara alıb ki, təltif yalnız bir dərəcə üzrə aparılsın.

M.İbrahimov və S.Abışov istər 44 günlük Vətən Müharibəsi dönəmində, istərsə də müharibədən sonrakı dövrdə Azərbaycan ictimaiyyətini dolğun və operativ məlumatlarla təmin ediblər. R.Süleymanov isə müqəddəs savaşımızın davam etdiyi müddətdə hərbi jurnalist və ekspert kimi cəmiyyətin informasiyalarla təminatı, həm də ictimai rəyin düzgün formalaşdırılması istiqamətində böyük əzmlə çalışıb. Mətbuat Şurası məhz bu xidmətləri nəzərə alıb.

Allah mərhum həmkarlarımıza rəhmət eləsin.