Prezident İlham Əliyev: “Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”

 

Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri iyulun 20-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib. Qeyd edək ki, Prezident İlham Əliyev həmkarı Vladimir Putinin dəvəti ilə Rusiyaya birgünlük işgüzar səfər edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, dövlət başçılarının iki saata yaxın davam edən görüşündə iqtisadi əməkdaşlıq məsələləri, koronavirusla mübarizə və birgə vaksin istehsalı, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin qəti həlli müzakirə edilib. Kreml sözçüsü prezidentlərin görüşünün gündəliyi barədə danışarkən münaqişədən sonrakı vəziyyətlə bağlı məsələni axırıncı qeyd etsə də, məlumdur ki, məhz bu məsələ bizim üçün birinci dərəcəli əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti görüşün mətbuat üçün açıq keçən hissəsində regionda münaqişədən sonrakı vəziyyətin gündəm mövzulardan biri olduğunu vurğulayaraq, Rusiyanın dövlət başçısına bu məsələyə daimi diqqətinə, “çox vacib və həssas məsələlərin həllində” şəxsən iştirakına görə təşəkkürünü bildirib.

Rusiya Prezidenti görüşün əvvəlində həmkarını Qurban bayramı münasibətilə təbrik edərək diqqətə çatdırıb ki, gələn il bizim böyük bayramımız olacaq – iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. “Allaha şükür, koronavirusdan sonra münasibətlərimiz bərpa olunur, ilk növbədə, iqtisadiyyatı nəzərdə tuturam. Keçən il müəyyən azalma olmuşdu, indi inamlı artım, bərpa gedir” deyən Putin əlavə edib ki, yaxın vaxtlarda Rusiyadan Azərbaycana nüfuzlu nümayəndə heyəti göndəriləcək: “Bu nümayəndə heyəti həmin məsələlərlə artıq Bakıda məşğul olacaq. Onlar müxtəlif məkanlarda müntəzəm surətdə görüşürlər. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlər nəzərdə tutulur”.

İki ölkənin koronavirusa qarşı mübarizədə get-gedə daha fəal əməkdaşlıq etdiyini bildirən Rusiya Prezidenti vurğulayıb ki, Azərbaycan ərazisində vaksinin birgə istehsalının genişləndirilməsi üzərində də işləyirik.

Sonra Prezident Putin regionda münaqişədən sonrakı vəziyyətə toxunub və qeyd edib ki,  bu vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. “Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, – biz hamımız isə bunu istəyirik, – onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”, – deyə o bildirib.

Azərbaycan Prezidenti bu səfərin qarşılıqlı fəaliyyətlə bağlı mühüm məsələləri yenidən müzakirə etmək üçün yaxşı imkan olduğunu vurğulayaraq bayram təbrikinə görə həmkarına təşəkkürünü bildirib: “Fürsətdən istifadə edib Rusiyanın bütün müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etmək istərdim. Bu, həmrəylik bayramı, birlik bayramıdır”.

İkitərəfli iqtisadi münasibətlərdən danışan İlham Əliyev qeyd edib ki, ilin birinci yarısında əmtəə dövriyyəsi artıb: “Bu, çox vacibdir, çünki keçən il bizdə 10 faizdən çox azalma olmuşdu. Nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlığı fəal surətdə genişləndiririk. Mənə verilən məlumata görə, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb. Beləliklə, bu dəhliz artıq işləyir, demək olar ki, geniş həcmdə”.

Dövlət başçısı koronavirusa qarşı mübarizədə köməyə görə Rusiya rəhbərinə təşəkkür edib: “Biz Rusiyadan 200 min dozadan artıq “Sputnik V” vaksini almışıq və bu vaksinin yenə göndərilməsi gözlənilir. Bilirəm ki, onu almaq istəyənlərin sayı lap çoxdur. Ona görə ki, bu vaksin öz effektivliyini sübut edib və əlbəttə, yəqin ki, hamını təmin edə bilmək də çox çətindir. Lakin Sizin dostlarınız, tərəfdaşlarınız kimi bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz vaksini alanlar arasında ilk sıralardayıq”.

Azərbaycan Prezidenti onu da diqqətə çatdırıb ki, bu il Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının birinci buraxılışı olub. Qeyd edib ki, Bakıdakı iki filialda – MDU-nun və Seçenov Universitetinin filiallarında mindən çox tələbə təhsil alır. Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur. Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil alır.

“Beləliklə, Azərbaycan gənclərinin belə bir böyük dəstəsi artıq Rusiya ilə dil, ünsiyyət və təhsil vasitəsilə bağlıdır. Düşünürəm ki, bizim təcrübəmizi böyüməkdə olan nəslə əməli surətdə ötürmək çox vacibdir”, – deyə İlham Əliyev vurğulayıb.