Prezident İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfər edib. Dövlət başçısı Daşkəsən rayonunda, Naftalan şəhərində, Goranboy rayonunda və Gəncə şəhərində olub.

Prezident Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub. Dövlət başçısına icrası başa çatan “Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib.

Sonra Naftalana gələn İlham Əliyev şəhər hava limanı ilə tanış olub. Prezident Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib. Dövlət başçısının iştirakı ilə şəhərdə 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Prezident İlham Əliyev daha sonra Goranboy rayonuna gəlib. Dövlət başçısı Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun və Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Prezident İlham Əliyev ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərinə gəlib. Dövlət başçısı 2020-ci ilin Vətən müharibəsi zamanı Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub.