Mən vəziyyətlə əlaqədar və mümkün sülh sazişi çərçivəsində irəliləyişə nail olmaq üçün işin aparılmasının əhəmiyyəti ilə bağlı Ermənistanın hökumət başçısı ilə müfəssəl müzakirələr aparmışam. Biz çox konkret və aydın müzakirələr apardıq, regionda daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması üçün tərəfimizdən hansı elementlərin nəzərə alınmalı olduğu barədə söhbət etdik.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında “Sülh razılaşması üzərində danışıqlara başlamağa Ermənistanı inandırmaq üçün Avropa İttifaqı nə edə bilər” sualına cavabında belə deyib.

Şarl Mişel qeyd edib ki, Avropa İttifaqının mümkün qədər müsbət və konstruktiv rol oynamağa hazır olduğunu həm Azərbaycan Prezidentinə, həm də Ermənistan Baş nazirinə bildirib. “Əlbəttə ki, biz Minsk qrupunun oynadığı rola hörmət bəsləyirik” deyən Şarl Mişel  əlavə edib ki, Avropa İttifaqı öz növbəsində regional tərəfdaşlıq çərçivəsində qarşılıqlı təmasları təşviq etməlidir: “Bu məqsədlə, fərqli mövqeləri anlamaq üçün dünən mən Ermənistanın hakimiyyət orqanları ilə, bu gün isə Azərbaycan Prezidenti ilə bu məsələlərin təfərrüatlarını müzakirə etdim. Məndə belə bir təəssürat var ki, infrastruktur imkanlarını gücləndirmək məqsədilə ümumi məxrəcə gəlmək imkanları mövcuddur”.

Prezident İlham Əliyev isə birgə mətbuat konfransında ölkəmizin nəqliyyat infrastrukturunun regional sabitliyin və təhlükəsizliyin gücləndirilməsində rolu barədə sualı cavablandırarkən diqqətə çatdırıb ki, regionda bütün kommunikasiyalar eyni vaxtda açılmalıdır.

Kommunikasiyaların açılmasının Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcəyini vurğulayan İlham Əliyev qeyd edib ki, Ermənistan sərhədinə doğru dəmir yollarının və magistral yolun tikintisinə başlanılıb.

“Biz öz ərazimizdə Ermənistan ərazisinə 100 kilometrdən çox magistral və dəmiryolları tikməliyik. Ermənistan ərazisində bu, təxminən cəmi 40 kilometrdir. Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır. Bu, Ermənistan üçün Rusiya və İranla dəmiryolu əlaqəsinə sahib olmaq imkanı yaradır. Bu, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradır və regionun dörd ölkəsi - Azərbaycan, İran, Rusiya və Türkiyə bu yanaşmaya güclü dəstək verir. Beləliklə, biz Ermənistandan müsbət cavab almalıyıq, lakin bu cavab selektiv olmamalıdır. Qeyd etdiyim kimi, bütün kommunikasiyalar eyni vaxtda açılmalıdır və bu baxımdan ayrı-seçkilik olmamalıdır. Sözsüz ki, bundan sonra regionda proqnozlaşdırılma, sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək. Bizim istədiyimiz budur”, – deyə Azərbaycan Prezidenti əlavə edib.