İşçi qrupunun növbəti iclası keçirilib

 

Ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 307 daşınmaz əmlakın (10 483 ədəd tikili və 2 824 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb və Laçın rayonu ərazisində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun növbəti iclasında məlumat verilib.

Videoformatda keçirilən iclasda bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın yekun layihəsi dövlət orqanları, müəssisə və təşkilatlarının, həmçinin Əlaqələndirmə Qərargahının müvafiq işçi qruplarının rəy və təkliflərinin təhlili əsasında hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

İşğaldan azad edilmiş ərazilərdə (Kəlbəcər və Laçın rayonlarında) ilkin zəruri tələbatların ödənilməsi üçün gündəlik tələbat malları dükanları, aptek, bankomat, YDM və s. açılması məqsədilə müvafiq şirkətlərlə görüşlər keçirilib. Razılaşdırılmış qrafik və marşruta əsasən qeyd olunan rayonlar üzrə iyul ayı ərzində sahibkarların ərazilərə səfəri nəzərdə tutulur.

Vahid informasiya platforması rolunu oynayan Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə 27 dövlət qurumu və təşkilatının 12-sinin qoşulması təmin edilib, digər aidiyyəti qurumların sistemə qoşulması istiqamətində işlər davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 657 müraciət olub. İnvestisiya layihələrinin prioritetliyi ilə bağlı təhlil aparılır, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Dövlət Turizm Agentliyinin nümayəndəsi işğaldan azad edilmiş ərazilərdə turizm və rekreasiya zonalarının və potensial turizm dəhlizləri boyunca turizm resurslarının qiymətləndirilməsi məqsədilə texniki şərtlər toplusunun hazırlanması haqqında məlumat verib.

Qarabağ Dirçəliş Fondunun nümayəndəsi diqqətə çatdırıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən “Karabakh.Center” layihəsi həyata keçirilib və müvafiq internet məlumatlandırma portalı yaradılıb.

Təqdim olunan hesabatlar İşçi qrupunun üzvləri tərəfindən geniş müzakirə olunub və qərarlar qəbul edilib.

Qeyd edək ki, ölkə başçısının 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.