“Amazon” şirkətinin və “Blue Origin” aerokosmik kompaniyasının qurucusu, dünyanın ən varlı insanı olan Ceff Bezos iyulun 20-də Yerətrafı orbitə qalxıb.

Bezosla bərabər üç səyahətçinin də yer aldığı “New Shepard” kosmik gəmisi ABŞ-ın Texas ştatından havalanıb. Heyəti bütünlüklə mülki şəxslərdən ibarət pilotsuz kosmik uçuş tarixdə ilk dəfə həyata keçirilib.

Bezosa onun qardaşı Mark, 82 yaşlı amerikalı aviator Wally Funk və “Somerset Capitals Partner” şirkətinin yüksək vəzifəli menecerinin 18 yaşlı tələbə oğlu Olivier Deamen yol yoldaşlığı ediblər. Deamen kosmosa uçan ən gənc, Funk isə ən yaşlı insan olub.

Kosmik gəmi Yerin səthindən ümumilikdə 107 kilometr yüksəkliyə qalxıb. Kosmosa səfər isə cəmi 10 dəqiqə davam edib.

Qeyd edək ki, Ceff Bezosdan öncə, iyulun 11-də başqa bir amerikalı milyarder, “Virgin Atlantic” şirkətinin sahibi Riçard Brenson “Unity” kosmoplanında Yerin səthindən 85 kilometr yüksəkliyə qalxmışdı.

Amerikalı milyarderlərin kosmos sevdasının başlıca məqsədi biznes maraqlarıdır. Onlar öz nümunələri ilə kosmik turizmi təşviq etmək istəyirlər. Necə deyərlər, kosmik gəmi bizdən, müştəri də sizdən...