İyulun 22-də Azərbaycan milli mətbuatının 146 yaşı tamam oldu. Milli Mətbuat Günü münasibətilə bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilib.

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Heydər Əliyev Mərkəzi “Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda milli mətbuatın inkişafı üçün geniş imkanlar yaradıldı” mövzusunda videokonfrans keçirib. Çıxış edənlər 146 il öncə Azərbaycan milli mətbuatının əsasının qoyulmasını milli düşüncə tarixinin şanlı səhifəsi kimi dəyərləndiriblər.

Sabirabad Regional Mədəniyyət İdarəsində AzTV, ARB telekanalları, AZƏRTAC və APA informasiya agentliklərinin bölgə büroları əməkdaşlarının iştirakı ilə görüş keçirilib. Regional idarənin rəisi Fərid Qurbanzadə milli mətbuatımızın yaranmasının 146-cı ildönümü münasibətilə media nümayəndələrini təbrik edib və idarənin KİV-lə əməkdaşlığından məmnunluğunu bildirib.

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Sarayı Milli Mətbuat Günü münasibətilə videoçarx hazırlayıb. Yevlax şəhər MKS-nin kənd kitabxana filialları isə əlamətdar günlə bağlı videoçarxlar ərsəyə gətiriblər.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mərkəzi Kitabxanasında “Mətbuat cəmiyyətin güzgüsüdür” mövzusunda tədbir təşkil edilib. Tədbirdə Milli mətbuatımızın inkişaf yoluna nəzər salınıb.

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon Mərkəzi Kitabxanasında Milli Mətbuat Günü münasibətilə konfrans təşkil edilib. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, “Oğuz yurdu” qəzetinin, rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Heydər Əliyev Mərkəzinin, MKS-nin əməkdaşları və fəal oxucular iştirak ediblər.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanası və filialları “Ənənələri qoruyan Azərbaycan mətbuatı” adlı onlayn tədbir keçirib. MKS-nin direktoru Solmaz Nağıyeva mətbuat işçilərini bayram münasibətilə təbrik edib. Daha sonra mövzu ətrafında çıxışlar olub.

Mətbuatımızın yaranmasının 146-cı ildönümü münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsində tədbir keçirilib. Tədbirdə çıxış edən Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova media nümayəndələrini bayram münasibətilə təbrik edib, zəngin tarixi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yoldan söz açıb.

NURƏDDİN