Azərbaycan  Aşıqlar Birliyi (AAB) yeni dastanların səhnəyə hazırlanması ilə bağlı layihəyə başlayıb.

Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə ölməz şairin “Leyli və Məcnun” əsəri əsasında hazırlanmış eyniadlı dastanın səhnələşdirilməsi nəzərdə tutulur. Heydər Əliyev Fondu, Azərbaycan Televiziyası və Azərbaycan Aşıqlar Birliyinin birlikdə həyata keçirdikləri layihə çərçivəsində dastanı tanınmış aşıqlardan Əməkdar mədəniyyət işçiləri Solmaz Kosayeva və Samirə Əliyeva, eləcə də Qələndər Zeynalov, Kəmalə Qubadlı, Əli Tapdıqoğlu və Elman Talıstanlı söyləyəcəklər. Leyli obrazında gənc, istedadlı aşıq Məhsəti Cabbarlı, Məcnun rolunda isə Şəhriyar Qaraxanlı çıxış edəcəklər.

Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə hazırlanan “Aşıq Ələsgərlə Şeyx Qaranın görüşü” dastanı aşıq Arif Salmanoğlunun, “Qəmkeş Allahverdinin Aşıq Şəmşirlə görüşü” dastanı isə aşıqlardan Fəxri mədəniyyət işçisi Nizami Şirinov və Təbriz Axundovun ifasında təqdim olunacaq.

Elman Talıstanlı və Babək Şakirlinin ifasında isə “Ordubadlı Kərəm” dastanının geniş auditoriyaya təqdim olunması nəzərdə tutulur.