Türk Şurası Azərbaycanın işğaldan azad olunan ərazilərindəki quruculuq və bərpa işlərini yaxından izləyir. Şura yaxın zamanlarda Bakıda geniş tərkibdə beynəlxalq səviyyəli biznes forum təşkil etmək niyyətindədir.

Bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Türkiyədə rəsmi səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə söyləyib.

Türk Şurasının ofisində gerçəkləşən görüşdə, həmçinin təşkilatla Macarıstan arasında əlaqələrin inkişaf dinamikasına dair yol xəritəsi müzakirə olunub.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, görüşdən sonra Peter Siyarto və Bağdad Amreyev birgə mətbuat konfransı keçiriblər.

Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü sonadək müdafiə etdiyini diqqətə çatdıran nazir Peter Siyarto bildirib ki, ölkəsinin hökuməti yerli şirkətlərə Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa-quruculuq işlərində iştirak üçün sərfəli şərtlərlə kreditlər ayırıb. Azərbaycan ilə Macarıstan arasında bu barədə razılaşma da var.

Mehparə SULTANOVA
Ankara