Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) başqanının birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti İçərişəhərlə tanış olub.

Nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.

Orta əsr Şərq memarlığının şah əsəri olan Şirvanşahlar saray kompleksi ilə başlanan tanışlıq zamanı qeyd edilib ki, XV əsrə aid tarixi tikili İçərişəhərin təpələrindən birində yerləşir. Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhərlə tanışlıq nümayəndə heyətində zəngin təəssürat yaradıb.