“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 569 nömrəli sərəncamında dəyişiklik edilib. Dövlət başçısı bununla bağlı iyulun 23-də sərəncam imzalayıb. Sərəncamda Komissiyanın tərkibi yeni redaksiyada verilib.

Komissiyanın sədri: Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini.

Komissiyanın üzvləri: Azərbaycan Respublikasının xarici işlər naziri; Azərbaycan Respublikasının mədəniyyət naziri; Azərbaycan Respublikasının təhsil naziri; Azərbaycan Respublikasının ədliyyə naziri; Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti; Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri; Qafqaz Müsəlmanları İdarəsinin sədri; Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri; Azərbaycan Respublikası müdafiə nazirinin müavini; UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi; Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru; Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi.

Qeyd edək ki, Azərbaycan Respublikası “Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” 14 may 1954-cü il Konvensiyasına (Haaqa Konvensiyası) və Konvensiyanın I Protokoluna 1993-cü ildə, II Protokola 2000-ci ildə qoşulub.

Konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, memarlıq, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin mühafizə olunmasını iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur.