Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, həmçinin 2021-ci il 1 sentyabr tarixindən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVİD-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.

Bundan əlavə, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVİD-19 pasportunun olması tələb edilir.