YARAT Müasir İncəsənət Məkanı və “İZ – İnamlı və Zərif” Qadın Cəmiyyəti tanınmış rəssam, animator, rejissor Nigar Nərimanbəyovanın yaradıcılıq proqramı üzrə ustad dərsləri təşkil edir. Ustad dərsləri bir neçə mövzunu əhatə edir. 

“44 günlük Vətən müharibəsində Qələbə” mövzusunda ilk dərs 25 iyulda təşkil edilib. Rəssam xalqımızın, qəhrəman hərbçilərimizin və vətənimizin kompozisiya və simvolik obrazının yaradılması ilə bağlı təcrübəsini bölüşüb.

1 avqust tarixində nəzərdə tutulan dərsin mövzusu “Doğma diyarın peyzajı”dır. Məşğələdə mənzərəni işləmək texnikası, doğma yurdun gözəlliyini rənglərdə necə görməkdən bəhs ediləcək.

Avqustun 8-də isə “Azərbaycan qadınlarının portreti” mövzusunda ustad dərsi keçiriləcək.  Bu dərs ana, nənə, bacı və avtoportretin yaradılması üsullarını öyrədəcək. Eləcə də Azərbaycanın incəsənətinə, ədəbiyyatına, mədəniyyətinə töhfə verən qadınların portretlərini yaradan görkəmli rəssamların yaradıcılığından söz açılacaq.

Ustad dərsinin son günü 15 avqustda “Nizami ili”nə həsr ediləcək. Dərsdə Nizami yaradıcılığı, eləcə də əbədi sevgi və sədaqət mövzusu, insan ruhunun ölməzliyini tərənnüm edən əsərlərin yaradılmasından bəhs olunacaq.

Ustad dərsləri Dövlət Bayrağı meydanının ərazisində yerləşən Rəngkarlıq Muzeyində saat 16:00-da başlanacaq. Rus dilində keçiriləcək məşğələlərdə 16 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

LALƏ