Azərbaycan

 

27 iyul 1991 – Əməkdar incəsənət xadimi, pianoçu, “Dan ulduzu” instrumental ansamblının yaradıcısı Gülarə Əziz qızı Əliyeva (17.11.1933 – 1991) vəfat edib. “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir.

27 iyul 2012 – Əməkdar rəssam, Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, professor Zahid İsa oğlu Hüseynov (20.3.1945 – 2012) vəfat edib. 

 

28 iyul 1935 – Görkəmli bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (1935 – 15.9. 2006) Bakıda doğulub. Oratoriya (“Odlar yurdu”, “Çanaqqala”), opera (“Ölülər”, “Natəvan”), kantata və s. əsərlərin müəllifidir.  Filmlərə musiqi (“Şərikli çörək”, “Həyat bizi sınayır”) yazıb. Bəstəkarlar İttifaqının sədri (2000-2006) olub.

28 iyul 1937 – Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Müslüm Məhəmməd oğlu Maqomayev (18.9.1885 – 1937) vəfat edib. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biridir, “Şah İsmayıl” (1916), “Nərgiz” (1935) operalarını yazıb. Azərbaycan Radiosunun Musiqi şöbəsinin rəhbəri olub, “Radio marşı”nı yazıb.

28 iyul 1945 – Ustad aşıq, Əməkdar mədəniyyət işçisi Səyyad Məşədi oğlu Pənahov (1945 – 16.2.2019) Gədəbəy rayonunun Kərimli kəndində anadan olub.

 

29 iyul 1864 – Maarif və mədəniyyət xadimi, teatr təşkilatçısı Həbib bəy Mahmudbəyov  (1864 – 30.7.1928) Şamaxıda anadan olub.

29 iyul 1939 – Əməkdar artist, vokal ifaçısı (bariton) Əli Həsən oğlu Haqverdiyev (1939 – 14.9.1992) Bakıda doğulub. Azərbaycan Opera və Balet Teatrının solisti olub, filmlərdə (“Dədə Qorqud”, “Şir evdən getdi”) çəkilib.

 

30 iyul 1896 – Xalq artisti Marqarita Matveyevna Annenskaya (1896-1965) Tiflisdə doğulub. 1930-cu ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olub.

30 iyul 1918 – Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə rus işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa olunub. 1930-cu illərdə Gəncənin adı yenidən dəyişdirildi (Kirovabad), 1989-cu ildə təkrar tarixi adı özünə qaytarıldı.

30 iyul 1942 – Tərcüməçi, ədəbiyyatşünas Fərhad Qəmbər oğlu Əliyev (1942-1996) anadan olub.

 

31 iyul 2019 – Əməkdar mədəniyyət işçisi, teatrşünas Kəmalə Məmməq qızı Cəfərzadə (5.8.1950 – 2019) vəfat edib.

 

Dünya

 

27 iyul 1824 – Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas; 1824 - 27.11.1895) anadan olub. Əsərləri: “Kameliyalı qadın” (roman və pyes), “Diana de Lis”, “Yarıqaranlıq” (pyes), “Doktor Servan” (povest) və s. “Kameliyalı qadın” əsasında C.Verdi “Traviata” operasını yazıb.

27 iyul 1835 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1906) Cozue Karduççi (Giosue Carducci; 1835-1907) anadan olub.

27 iyul 1853 – Rus yazıçısı Vladimir Korolenko (1853-1921) anadan olub. Əsərləri: “Makarın yuxusu”, “Kor musiqiçi”, “Axmaq cəmiyyətdə”, “Qazmada yaşayan uşaqlar” və s.

27 iyul 1915 – İtalyan opera müğənnisi, məşhur tenor Mario del Monako (Mario del Monaco; 1915-1982) anadan olub.

 

28 iyul 1750 – Alman bəstəkarı Yohann Sebastyan Bax (Johann Sebastian Bach; 31.3.1685 – 1750) vəfat edib. Operadan savayı əksər musiqi janrlarında əsərlər, o cümlədən 200-dən çox kantata, 250-dək orqan musiqisi yazıb.

28 iyul 1812 – Polşa yazıçısı və tarixçisi Yuzef Kraşevski (Jozef İgnacy Kraszewski; 1812-1887) anadan olub. “Sehrli çıraq”, “Qrafinya Kozel”, “Bryul” və s. romanların müəllifidir.

28 iyul 1866 – İngilis yazıçısı və rəssamı Beatriks Potter (Beatrix Potter; 1866-1943) anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir: “Uxti-Tuxti”, “Dovşan Piter və digər əhvalatlar”.

28 iyul 1887 – Fransız rəssamı və incəsənət nəzəriyyəçisi, dadaizm və sürrealizmin banilərindən Marsel Düşam (Marcel Duchamp; 1887-1968) anadan olub.

 

29 iyul 1900 – İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1974) Eyvind Gunson (Eyvind Olov Verner Johnson; 1900-1976) anadan olub.

29 iyul 1921 – Fransız rejissoru, dünya sənədli kinosunun tanınmış nümayəndəsi Kris Marker (Christian Bouche-Villeneuve; 1921-2012) anadan olub. Filmləri: “Uçuş zolağı”, “Günəşsiz”, “Dərinlikdə hava qırmızıdır” və s.

 

30 iyul 1511 – İtalyan memarı, rəssam və yazıçı Corco Vazari (Giorgio Vasari; 1511-1574) anadan olub.

30 iyul 1818 – İngilis yazıçısı Emili Bronte (Emily Jane Bronte; 1818-1848) anadan olub. Yazıçı Şarlotta Brontenin bacısıdır. Əsərləri: “Tufan aşırımı”, “Mənim qəlbim qorxaq deyil”.

30 iyul 2007 – Dünya şöhrətli İsveç rejissoru, ssenarist İnqmar Berqman (Ernst İngmar Bergman; 14.12.1918 - 2007) vəfat edib. 

 

31 iyul 1866 – Türk yazıçısı Xalid Ziya Uşaqlıgil (1866 – 27.3.1945) anadan olub. “Aşk-ı memnu”, “Bir ölünün dəftəri”, “Qırıq həyatlar” və s. romanların müəllifidir.

31 iyul 1886 – Macar bəstəkarı Ferens List (Liszt Ferenc; 1811-1886) vəfat edib. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası.

31 iyul 1914 – Fransız (ispan əsilli) aktyoru, rejissor Lui de Fünes (Louis Germain David de Funes de Galarza; 1914-1983) anadan olub. “Böyük gəzinti”, “Jandarm və yadplanetlilər” və s. komediya filmləri ilə məşhurlaşıb.

Hazırladı:  Vüqar ORXAN