27-29 avqustda İstanbul şəhərində “Diaspor – Beynəlxalq Qısametrajlı Film Festivalı” keçiriləcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Festival Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin, Türkiyə Radio Televiziya Qurumunun (TRT) dəstəyi, Boğaziçi Kültür və Sənət Vəqfinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin yaydığı məlumata əsasən, ilk dəfə təşkil olunan festival kinonun, incəsənətin cəmiyyətləri birləşdirən gücünün ortaya qoyulması, eləcə də Türkiyənin və diaspor icmalarının yerləşdiyi ölkələrin mədəni və bədii həyatında perspektiv imkanların yaradılması məqsədi daşıyır.

Müsabiqənin şərtlərinə görə, müəlliflər festivala ölkələrindəki diaspor cəmiyyətlərinin həyatını real və bədii şəkildə təsvir edən qısametrajlı filmlər təqdim etməlidir. Ekran əsərləri multikulturalizm, birgə yaşayışın müxtəlif təzahürləri, qarşılıqlı mədəni təsir, sosial tolerantlıq, miqrasiya kimi mövzuları əhatə etməlidir.

Filmlər 30 iyul tarixinə kimi https://www.diasporafilmfestival.com/basvuru-formu elektron ünvanına göndərilməlidir. Qalib filmlər müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.