Vətənini ürəkdən sevən, onun yolunda şirin canından keçən mərd oğullardan biri də Orxan Mübariz oğlu Dənziyevdir. Lerik rayonunun Laman kəndindən olan bu dağ vüqarlı  igid ulu yurd yerimiz Qarabağ uğrunda gedən haqq savaşımızda şəhid olanda ömrünün 19-cu ilini yaşayırdı...

Orxan yetkinlik yaşına çatanda ürəyində Vətənə, millətə sevgi hissi boy vermişdi. 2020-ci ildə  Milli Ordu sıralarına yola düşəndə də amalı sinəsini yanar od edib, təcavüzkar erməni dığaların bağrını çatlatmaq idi. Əsgərlik həyatı ön cəbhədən başlanmışdı. Çox keçmir,  nümunəvi xidməti,  hərbi təlimlər zamanı igidliyi onu əsgər yoldaşlarının, komandirlərin  sevimlisinə çevirir. 

Artıq üç ay idi əsgər Orxan Dənziyev Vətən qarşısında övladlıq borcunu  ləyaqətlə, vicdanla yerinə yetirirdi. İkinci  Qarabağ müharibəsi başlanır. O da əsgər yoldaşları ilə hərb meydanına girir və otuz ilə yaxın Vətən torpaqlarını əsarətdə saxlayan  düşməndən qisasını alacağına and içir.  Ağdərə-Tərtər istiqamətində qəhrəmancasına döyüşür, Vətən torpağının hər qarışı uğrunda can qoyur. 2020-ci ilin 15 oktyabrında qəfil atılan yağı gülləsinin qurbanı olur.

Gənc yaşında özünü Vətəninə fəda edən Orxan Dənziyev ucaldığı şəhidlik zirvəsində  adını qəhrəmanlıq tariximizə yazdı. Ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda” medalı onun göstərdiyi şücaətə dövlətimiz tərəfindən verilən qiymətdir.

Lənkəran Regional Mədəniyyət İdarəsinin Lerik rayonu üzrə baş məsləhətçisi, şəhidin qohumu Müqəddəs Dənziyev deyir: “Orxan Vətəninə, xalqına, torpağına layiqli  övlad kimi böyümüşdü. Məhz buna görə də ömrünü Vətəni üçün yaşamağı bacardı. İndi o, təkcə ailəsinin, Dənziyevlərin deyil, bütün Azərbaycan  xalqının oğludur. Biz Vətənin qürurunu hər şeydən üstün  tutan, onun yolunda canından keçən Orxanla fəxr edirik”.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü