Azərbaycan

 

1 avqust 1896 – Əməkdar incəsənət xadimi, teatr rəssamı və qrafika ustası Həsənağa Hacağa oğlu Mustafayev (1896 – 22.4.1971) anadan olub. Opera və Balet, Musiqili Komediya və b. teatrlarda tamaşalara səhnə tərtibatı verib.

1 avqust 1908 – Ədəbiyyatşünas, professor Hidayət Əli oğlu Əfəndiyev (1908-1979) Şamaxıda anadan olub.

1 avqust 1929 – Əməkdar elm xadimi, ədəbiyyatşünas, professor Bağır İbrahimxəlil oğlu Bağırov (1929 – 15.1.2010)  anadan olub.

1 avqust 1934 – Ədəbiyyatşünas alim, professor Xeyrulla Qulam oğlu Məmmədov (1934 – 8.9.2005) Lerik rayonunun Hoveri kəndində anadan olub.

1 avqust 1948 – Əməkdar incəsənət xadimi, kinooperator, rejissor Ələkbər Yunus oğlu Muradov (1948 – 1.8.2013) Bakıda doğulub. Filmləri: “Qaladan tapılan mücrü”, “O dünyadan salam” (operator), “Güllələnmə təxirə salınır” (rejissor) və s.

1 avqust 1961 – Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (16.4.1916 – 1961) vəfat edib. Populyar mahnıların müəllifidir.

1 avqust 1981 – Əməkdar artist Əliheydər (Heydər) Həsənzadə (1913-1981) vəfat edib. Naxçıvan Dövlət Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrlarında çalışıb, filmlərdə çəkilib.

 

2 avqust 1949 – Xalq artisti, tanınmış qarmon ifaçısı Kamil Səfərəli oğlu Vəzirov (1949 – 13.2.2018) Bakıda doğulub. Azərbaycan Dövlət Mahnı Teatrının solisti olub.

2 avqust 1969 – Milli səhnəmizin ilk azərbaycanlı qadın müğənnilərindən biri, Xalq artisti Həqiqət Əli qızı Rzayeva (20.5.1907 – 1969) vəfat edib.

2 avqust 1980 – Görkəmli teatr rejissoru, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Səməd Mənsur oğlu Kazımov (14.1.1923 – 1980) dünyasını dəyişib. Akademik Milli Dram Teatrında baş rejissor işləyib. Gənc Tamaşaçılar, Rus Dram, Musiqili Komediya teatrlarında tamaşalar hazırlayıb.

2 avqust 1984 – SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 20.8.1912 – 1984) vəfat edib. “Xosrov və Şirin” operası, “Çitra” baleti, “Rast” simfonik muğamı və s. əsərlərin müəllifidir.

 

3 avqust 1933 – Əməkdar incəsənət xadimi, dirijor Ləman Həsən qızı Atakişiyeva (1933-2015) Bakıda anadan olub.

3 avqust 1982 – Şuşa şəhərində görkəmli şairə Xurşudbanu Natəvanın abidəsinin (heykəltəraş – Həyat Abdullayeva) açılışı keçirilib. Mərasimdə respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev iştirak edib. 

 

4 avqust 1915 – Görkəmli aktyor, Xalq artisti Məmmədrza İsa oğlu Şeyxzamanov (1915 – 25.1.1984) Gəncədə doğulub. Gəncə Dram, Akademik Milli Dram teatrlarında çalışıb. “Bir qalanın sirri”, “Qatır Məmməd”, “Nəsimi”, “Əhməd haradadır?”, “Tütək səsi” filmlərində yaddaqalan obrazlar yaradıb.

4 avqust 1939 – Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (1939 – 11.7.2007) Bakıda anadan olub. Akademik Dram, Musiqili Komediya teatrlarında çalışıb. Filmlərdə (“Bir cənub şəhərində”, “Yenilməz batalyon”), teletamaşalarda maraqlı rollar oynayıb.

4 avqust 1946 – Xalq artisti Rafiq Eyyub oğlu Hüseynov (1946 – 26.10.2017) Şuşada doğulub. 30 ilə yaxın Azərbaycan Televiziyasının aparıcı diktorlarından biri olub.

 

5 avqust 1890 – Opera müğənnisi, Xalq artisti Məmmədtağı Abbas oğlu Bağırov (1890 – 16.4.1961) Bakıda doğulub. 1925-ci ildən Opera və Balet Teatrının solisti olub.

 

5 avqust 1896 – Xalq artisti, vokalçı Roman Maksimoviç Trifonov (1896–1966) Saratovda doğulub. 1948-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

5 avqust 1937 – Xalq artisti, tanınmış skripka ifaçısı Sərvər Soltan oğlu Qəniyev (1937 – 5.9.2010) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyasının solisti, Qahirə Konservatoriyasında (Misir) kafedra müdiri (1971-1979), 1991-ci ildən Türkiyənin Bilkənd Universitetinin professoru, simfonik orkestrinin bədii rəhbəri olub.

5 avqust 1950 – Yazıçı-publisist Rafiq Nəzir oğlu Tağı (1950-2011) Masallı rayonunun Xoşçobanlı kəndində doğulub.

5 avqust 1950 – Teatr və televiziya rejissoru Eyvaz Məsud oğlu Vəliyev (1950–2002) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrında quruluşçu rejissor işləyib.

5 avqust 1950 – Əməkdar mədəniyyət işçisi, teatrşünas Kəmalə Məmməd qızı Cəfərzadə (1950 – 31.7.2019) anadan olub. Azərbaycan Teatr Xadimləri İttifaqında,  Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıb.

5 avqust 1998 – Prezident Heydər Əliyevin sərəncamı ilə Bakıdakı Şəhidlər xiyabanında memorial abidə – “Əbədi məşəl” kompleksi ucaldılıb.

 

Dünya

 

1 avqust 1819 – Amerika yazıçısı Herman Melvill (Herman Melville; 1819-1891) anadan olub. Əsərləri: “Mobi Dik” romanı, “Con Marr və digər dənizçilər” hekayələr toplusu və s.

1 avqust 1923 – SSRİ Xalq artisti, məşhur televiziya aparıcısı Valentina Leontyeva (1923-2007) anadan olub.

1 avqust 1936 – Dünya şöhrətli fransız modelyeri İv Sen Loran (Yves Henri Donat Mathieu-Saint-Laurent; 1936-2008) anadan olub.

 

2 avqust 1834 – Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi; 1834-1904) anadan olub. ABŞ-ın Nyu-York şəhərindəki “Azadlıq” heykəlinin müəllifidir.

2 avqust 1892 – Amerikanın “Warner Brothers” kinokorporasiyasının qurucularından olan Cek Leonard Vorner (Jack Leonard Warner; 1892-1978) anadan olub.

2 avqust 1932 – İrland əsilli ingilis aktyoru Piter O’Tul (Peter Seamus O’Toole; 1932-2013) anadan olub. Filmləri: “Milyonu necə oğurlamalı?”, “Kaliqula”, “Ərəbistanlı Lourens” və s.

 

3 avqust 1832 – Xorvat bəstəkarı və dirijoru İvan Zays (1832-1914) anadan olub.

3 avqust 1994 – Məşhur rus aktyoru, SSRİ Xalq artisti İnnokenti Smoktunovski (1925-1994) vəfat edib. Filmləri: “Hamlet”, “Avtomobildən qorun”, “Cinayət və cəza”, “Ölü canlar” və s.

 

4 avqust 1859 – Norveç yazıçısı Knut Hamsun (Pedersen; 1859-1952) anadan olub. “Aclıq” psixoloji romanı yazıçıya şöhrət gətirib. “Torpağın şirəsi” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatı (1920) alıb.

4 avqust 1901 – Dünya şöhrətli Amerika caz musiqiçisi, bəstəkar Lui Armstronq (Louis Daniel “Satchmo” Armstrong; 1901-1971) anadan olub.

4 avqust 1905 – Rus bəstəkarı, SSRİ Xalq artisti Boris Aleksandrov (1905-1994) anadan olub. Keçmiş Sovet İttifaqının (indi Rusiya Federasiyasının) Dövlət himninin musiqisinin müəllifidir.

 

5 avqust 1844 – Rus boyakarı və qrafiki İlya Yefimoviç Repin (1844-1930) anadan olub. Məşhur əsərləri: “Burlaklar Volqada”, “Tövbədən imtina”, “İvan Qroznı və oğlu İvan” və s.

5 avqust 1850 – Fransız yazıçısı Gi de Mopassan (Henry Rene Albert Guy de Maupassant; 1850 – 6.7.1893) anadan olub. Romanları: “Həyat”, “Əziz dost”, “Arzu alovu”; novellaları: “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” və s.

5 avqust 1860 – İngilis rəssamı Luis Veyn (Louis William Wain; 1860-1939) anadan olub.

Hazırladı:  Vüqar ORXAN