Avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Əlamətdar gün Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə təsis edilib.

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb. Virtual sərgidə görkəmli şəxslərin ana dilimiz haqqında fikirləri, Azərbaycan  dilinin qorunması və inkişafı ilə bağlı imzalanan rəsmi sənədlər, Milli Kitabxananın fondundan ana dilimiz haqqında kitab və mövzuya dair digər resurslar yer alıb. 

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm linkindən istifadə edə bilərlər.