2 avqust Azərbaycan Kinosu Günü –kino işçilərinin peşə bayramı kimi qeyd olunur. 1898-ci il avqustun 2-də Bakıda fransalı fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti (“Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi” və s.) nümayiş etdirib. Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 avqust “Azərbaycan Kinosu Günü” elan olunub.

Hər il təntənəli mərasim, təltif, təqdimat və premyera ilə yadda qalan kino işçilərinin peşə bayramı ötən il məlum pandemiya səbəbindən keçirilmədi. Bu il isə əlamətdar gün münasibətilə açıq havada maraqlı proqram təşkil olunub və kinosevərlər bir deyil, iki deyil, dörd filmə baxmaq imkanı qazanacaqlar. Kino bayramının məkanı isə Dənizkənarı Milli Parkın ərazisidir.

Avqustun 2-də Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə Azərbaycan Kinosu Gününə həsr olunmuş “Kinosevərlər gecəsi” keçiriləcək. Tədbir YARAT Müasir İncəsənət Məkanının qarşısında saat 20:00-da başlayacaq və gecəyarısınadək davam edəcək.

Kino işçilərinin peşə bayramında kinosevərlərə son illərdə nüfuzlu festivallarda uğur qazanan milli filmlər təqdim olunacaq. Proqrama rejissor Əli-Səttar Quliyevin “Olimpiya” (2021, melodram, xronometraj 67 dəqiqə), rejissor Rüfət Həsənovun “Daxildəki ada” (2020, Azərbaycan/Fransa, dram, 100 dəqiqə), həmçinin Teymur Hacıyevin “Axşama doğru” (2020, dram, 12 dəqiqə) və Teymur Qəmbərovun “Quxuroba” (2020, dram, 21 dəqiqə) qısametrajlı filmləri daxildir.

Filmlər Azərbaycan dilində ingilis dilində altyazı ilə nümayiş olunacaq.