Litvanın paytaxtı Vilnüsdə rusca yazan və ya rus dilinə tərcümə olunan müəlliflər üçün “Baltiyskiy Qamayun” (“Baltika Humayı”) V Beynəlxalq Ədəbiyyat Festivalının birinci mərhələsi başa çatıb.

Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar Departamentinin dəstəyi ilə Yazıçı və Publisistlərinin Beynəlxalq Assosiasiyasının keçirdiyi festival böyük rus yazıçısı Fyodor Dostoyevskinin (1821–1881) 200 illiyinə həsr olunub.

Festival çərçivəsində “Baltika Humayı–2021” beynəlxalq ədəbiyyat müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Müsabiqədə “Nəsr” nominasiyası üzrə 5 ölkədən 18 müəllif iştirak edib. Beş müəllif qalib seçilib.

Onların arasında azərbaycanlı yazıçı-dramaturq Ülviyyə Heydərova da var. Yazıçı bu müsabiqəyə “Külək” hekayəsi ilə qatılıb. Qaliblərin mükafatlandırılması mərasimi bu ilin noyabrın 20-də festivalın ikinci mərhələsində baş tutacaq.