Avqustun 2-də görkəmli teatr və kino xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahovanın (1945-2018) Bakı şəhərində yaşadığı binanın (Fikrət Əmirov küçəsi 1) fasadında xatirə barelyefinin açılış mərasimi keçirilib.

Mərasimdə mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti Azər Paşa Nemətov, xalq artistləri Həmidə Ömərova, Hacı İsmayılov, Rasim Balayev, Nurəddin Mehdixanlı və aktrisanın digər həmkarları iştirak ediblər.

Mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək Amaliya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib. Bildirib ki, görkəmli sənətkar Azərbaycan xalqının sevimli teatr və kino xadimi idi: “Amaliya xanım 40 il teatr və kino sahəsində çalışdığı dövrdə bir-birindən maraqlı və yaddaqalan obrazlar yaratmışdı. Aktrisa müstəqillik dövründə dövlətimizin ən ali mükafatlarına layiq görülmüşdü. Onun yaşadığı binada barelyefinin qurulması dövlət tərəfindən unudulmaz sənətkarımızın fəaliyyətinə diqqətin göstəricisidir”.

Sənətkarın teatr sahəsindəki əzmkar fəaliyyətinə diqqət çəkən nazir söyləyib ki, bundan sonra da teatr sahəsində Amaliya xanım kimi sənət adamları fədakarlıq göstərərək onun yolunu davam etdirəcək, arzularını həyata keçirəcəklər.

Anar Kərimov bildirib ki, Amaliya xanım teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Teatr və kino sənətinin inkişafında xidmətlərinə görə ona 1974-cü ildə respublikanın “Əməkdar artisti”, 1985-ci ildə isə “Xalq artisti” fəxri adları verilib. Böyük sənət fədaisi 1995-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” ordenlərinə, 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü idi.

Xalq yazıçısı Anar aktrisanın həyat və fəaliyyətindən söz açıb. Deyib ki, Amaliya xanımın çalışdığı teatr, kinostudiya onun evi idi: “Onun ifa etdiyi rollar yaşayır və bundan sonra da yaşayacaq. Nə yaxşı ki, bizim həyatımızda, ömrümüzdə Amaliya Pənahova kimi insan var idi”.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev sənətkarın çoxşaxəli fəaliyyətindən bəhs edib: “Amaliya xanım Yeni Azərbaycan Partiyasının fəaliyyətində də yaxından iştirak edirdi. O, xalqına sənəti kimi bağlı insan idi”.

Xalq artistləri Azər Paşa Nemətov, Rasim Balayev, Əməkdar incəsənət xadimi Abdulla Qurbani və digər çıxış edənlər unudulmaz sənətkarla bağlı xatirələrini bölüşüb, onun sənət dünyasından bəhs ediblər. Qeyd edilib ki, Amaliya xanım bacarıqlı rejissor kimi də özünü sınayıb. Sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib ki, onların bir qismi televiziyanın “qızıl fond”unda saxlanılır. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Amaliya Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyorlar nəslinin yetişməsində böyük əmək sərf edib. 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub.

Sonra barelyefin üzərindən ağ pərdə götürülüb, önündə xatirə fotosu çəkdirilib. Barelyefin müəllifi heykəltəraş, Xalq rəssamı Natiq Əliyevdir.

Qeyd edək ki, Xalq artisti Amaliya Pənahovanın barelyefi Nazirlər Kabinetinin 21 iyun 2019-cu il tarixli sərəncamına əsasən hazırlanıb. Sərəncamda sənətkarın yaşadığı binaya onun xatirə lövhəsinin vurulması Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdı.