Hissə-hissə Dünya İrsi Siyahısına salınır

 

Çinin  Fuçjou şəhərinin ev sahibliyində, lakin onlayn formatda gerçəkləşən (16 –31 iyul)  UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü sessiyasında Dünya İrsi Siyahısına daxil edilən nominasiyalardan biri də Dunay çayı boyunca yerləşən qədim Roma istehkamlarıdır.

Nominasiya Avstriya, Almaniya və Slovakiyanın birgə müraciəti əsasında Dünya İrsi Siyahısına təqdim edilmişdi.

Latınca limes (sərhəd) adlanan bu istehkam, qala və müdafiə məqsədli tikililər Roma imperiyası dövründə Böyük Britaniyadan başlayaraq Mərkəzi və Şərqi Avropaya, oradan isə Yaxın Şərq və Şimali Afrikaya uzanan geniş bir arealı əhatə edib. İndiyədək Böyük Britaniyada yerləşən Adrian və Antonius səddi (1987/2008-ci illər) və Almaniyada yerləşən Yuxarı German-Ret sərhəd istehkamları (2005) Dünya İrsi Siyahısına daxil edilib. Dunay çayı boyunca yerləşən istehkam qalıqları ilə ümumi uzunluğu 6 min kilometrə çatan “Roma imperiyasının sərhədləri” adlı transmilli layihənin növbəti mərhələsi mötəbər siyahıda yer alıb.

Avstriyada 22 məntəqə Dunay istehkamları arasında yer alır. Onların sırasında mühüm arxeoloji qazıntı məkanları, qədim sərhəd istehkamları və onların bürcləri, nəqliyyat yolları və sərhəd yaxınlığındakı mülki yaşayış məskənləri də var.