Azərbaycan

 

13 avqust 1944 – Əməkdar artist Mansur Əbdül oğlu Mansurov (1944 – 22.4.2020) Bakıda doğulub. 1970-ci ildən ömrünün sonuna qədər A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru olub.

 

14 avqust 1923 – Ədəbiyyatşünas, akademik, Dövlət mükafatı laureatı Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923 – 20.1.2006) anadan olub. “Ədəbi irs və varislər”, “Azərbaycan ədəbi tənqidinin tarixi” və s. monoqrafiya və kitabların müəllifidir.

14 avqust 1933 – Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) Bakıda anadan olub. 30-dək kitabın müəllifidir. Sözlərinə “Ayrılma məndən”, “Toy olsun, bayram olsun” və s. populyar mahnılar bəstələnib.

14 avqust 1940 – Yazıçı-tərcüməçi, kino təşkilatçısı Asif Akif oğlu Əliyev (1940-2001) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında Dublyaj şöbəsinin baş redaktoru işləyib.

14 avqust 1961 – Əməkdar artist Əzizə Əbdülbaği qızı Məmmədova (1892–1961) vəfat edib. Türk İşçi, Akademik Milli Dram teatrlarında çalışıb, “Görüş”, “Səhər” və s. filmlərdə çəkilib.

14 avqust 2017 – Tanınmış rəssam Əsgər Əsgərov (1948-2017) vəfat edib. Rəngkarlıq, batika, qrafika və s. nümunələrində İçərişəhər mövzu və motivləri xüsusi yer tutur.

 

15 avqust 1902 – Əməkdar artist Qəmər Topuriya (Tamara Vissarionovna Topuriya; 1902-1947) Tiflisdə doğulub. Tiflis Azərbaycan Dram Teatrının, Azərbaycan Dövlət Akademik Dram Teatrının aktrisası olub.

15 avqust 1922 – Xalq artisti, respublikanın Dövlət mükafatı laureatı Konstantin Adamov (1922-1990) Bakıda doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru (1947-ci ildən) olub, filmlərdə çəkilib.

15 avqust 1952 – Əməkdar müəllim Yusif Boran oğlu Vəliyev (1952 – 25.5.2021) Ağdam şəhərində anadan olub. Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin direktoru işləyib.

 

16 avqust 1924 – Məşhur tarzən, Əməkdar artist Əhsən Əliabbas oğlu Dadaşov (1924 –29.5.1976) Bakıda anadan olub. 1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun “Xatirə” xalq çalğı alətləri ansamblını yaradıb. Hazırda kollektiv Əhsən Dadaşovun adını daşıyır.

16 avqust 1925 – Xalq şairi, dramaturq, ədəbiyyatşünas, akademik, Dövlət mükafatları laureatı Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925 – 13.2.2009) Şəkidə anadan olub. 20-dək poema, 10 dram əsəri (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” və s.) yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub.

16 avqust 1925 – Yazıçı-dramaturq, ədəbiyyatşünas, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925 – 24.5.1967) Bakıda doğulub. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu” pyeslərinin müəllifidir. Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan KP MK-nın katibi olub.

16 avqust 1936 – Tanınmış filosof, AMEA-nın müxbir üzvü Zakir Cabbar oğlu Məmmədov (Baharlı; 1936 – 2.3.2003) Ağdamda doğulub. “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir”, “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri” və s. kitabların müəllifidir.

 

17 avqust 1942 – Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev (1942 – 25.10.2008) Bakıda doğulub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Beynəlxalq müsabiqələrin qalibi, Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. “Nizami” filmində (1982, rej. Eldar Quliyev) baş rola çəkilib.

17 avqust 1943 – Xalq artisti, müğənni İlhamə Məzahir qızı Quliyeva (1943 – 25.2.2016) anadan olub. Azərbaycan Televiziya və Radiosu estrada orkestrinin, Dövlət Filarmoniyasının solisti olub.

17 avqust 1958 – Musiqişünas, sənətşünaslıq namizədi Aytəkin Tofiq qızı Həsənova (1958-2012) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub.

17 avqust 1998 – Xalq yazıçısı Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov; 25.12.1935 – 1998) vəfat edib. “Ulduz”, “Azərbaycan” jurnallarının baş redaktoru, Milli Məclisin deputatı olub.

 

18 avqust 1991 – Görkəmli dilçi və ədəbiyyatşünas, şair, tərcüməçi, pedaqoq Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 5.5.1905 – 1991) vəfat edib.

 

19 avqust 1901 – Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901 – 11.11.1951) anadan olub. Opera və Balet Teatrında “Koroğlu”, “Arşın mal alan” tamaşalarını səhnələşdirib. “Qız qalası”, “Almaz” filmlərində çəkilib.

19 avqust 1912 – Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 – 13.7.2001) Qazax rayonunun Musaköy kəndində doğulub. “Məhəbbət”, “Partizan Aliyə”, “Ana ürəyi” poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli” və s. kitabların müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

19 avqust 1920 – Əməkdar incəsənət xadimi, musiqişünas Lyudmila Vladimirovna Karagiçeva-Bretanitskaya (1920-2015) anadan olub. Bakı Musiqi Akademiyasında dərs deyib. Azərbaycan bəstəkarlarının yaradıcılığına dair tədqiqatların müəllifidir.

 

Dünya

 

13 avqust 1899 – Amerika rejissoru, “Oskar” mükafatları laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock; 1899-1980) anadan olub. Filmləri: “Quşlar”, “Naməlum insanlar qatarda”, “39 pillə” və s.

 

14 avqust 1867 – İngilis yazıçısı, dramaturq və şair, ədəbiyyat üzrə Nobel mükafatı (1932) laureatı Con Qolsuorsi (John Galsworthy; 1867-1933) anadan olub. “Forsaytlar haqqında saqa” trilogiyası, “Gümüş qutu” pyesi və s. əsərlərin müəllifidir.

 

15 avqust 1771 – Şotland yazıçısı, şair, tarixçi Valter Skott (Walter Scott; 1771–1832) anadan olub. Tarixi roman janrının banisidir. Əsərləri: “Edinburq həbsxanası”, “Ayvenqo”, “Kventin Dorvard”, “Marmion” (mənzum roman) və s.

15 avqust 1890 – Fransız bəstəkarı Jak İber (Jacques François Antoine İbert; 1890-1962) anadan olub. Əsərləri: “Anjelika”, “Kral İveto” (opera), “Səyyah cəngavər” (balet) və s.

 

16 avqust 1645 – Fransız yazıçısı və mütəfəkkiri Jan de Labryuer (Jean de La Bruyere; 1645-1696) anadan olub. Əxlaq və fəlsəfi dəyərlərdən bəhs edən “Xarakterlər” əsərinin müəllifidir.

 

17 avqust 1932 – Hind əsilli yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2001)  Vidiadxar Suracprosad Naypol (1932–2018) Trinidad və Tobaqoda anadan olub. Ömrünün böyük hissəsini İngiltərədə yaşayıb.

17 avqust 1935 – Rus teatr və kino aktyoru, rejissor, SSRİ Xalq artisti Oleq Tabakov (1935 – 12.3.2018) anadan olub. Çexov adına Moskva Bədaye Teatrına rəhbərlik edib. 100-dən çox filmdə çəkilib: “Hərb və sülh”, “D’Artanyan və üç muşketyor”, “Baharın on yeddi anı” və s.

 

18 avqust 1850 – Fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 20.5.1799 – 1850) vəfat edib. “Bəşəri komediya” silsiləsindən əsərləri (“Şaqren dərisi”, “Qorio ata”, “Sezar Biroto”, “İtirilmiş illüziyalar” və s. romanlar) ilə şöhrət qazanıb.

 

19 avqust 1689 – İngilis yazıçısı, sentimentalizmin banilərindən biri Semuel Riçardson (Samuel Richardson; 1689–1761) anadan olub. “Klarissa”, “Çarlz Qrandison” romanlarının müəllifidir.

19 avqust 1909 – Polyak yazıçısı, dissident Yeji Andjeyevski (1909–1983) anadan olub. Əsərləri: “Cənnətin qapıları”, “Qaranlıq yeri örtür”, “Kül və almaz”.

Hazırladı:  Vüqar ORXAN