Dünyada neçənci yerdəyik?

 

Bu ilin iyul ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 37,24 Mbit/s təşkil edib.

“Speedtest Global Index”in məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici iyun ayı ilə müqayisədə 0,3% artıb. İyulda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti iyun ayının göstəricisi ilə müqayisədə 2,5 azalaraq 14,59 Mbit/s olub.

Dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti isə müvafiq olaraq 55,07 Mbit/s və 12,35 Mbit/s təşkil edib. İyul ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 139 ölkə arasında 66-cı yeri tutub.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Birləşmiş Ərəb Əmirliyi (190,03 Mbit/s), Cənubi Koreya (189,20 Mbit/s) və Qətər (170,77 Mbit/s) daxil olub.

Reytinqə əsasən, bu ilin iyul ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 24,08 Mbit/s, çıxış sürəti isə 25,96 Mbit/s təşkil edib. Bu göstəricilər iyun ayı ilə müqayisədə müvafiq olaraq 5,9 və 5,2% azalıb. İyul ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 180 ölkə arasında 1 pillə geriləyərək 123-cü yerdə olub.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Monako – 256,70 Mbit/s, Sinqapur – 256,03 Mbit/s və Honkonq (SAR) - 248,59 Mbit/s olub. İyulda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 107,50 Mbit/s və 58,27 Mbit/s təşkil edib.