Türkiyədə 22 il əvvəl baş vermiş dağıdıcı zəlzələnin acıları yaddaşlardan silinmir. 1999-cu il avqustun 17-də mərkəzi Kocaeli vilayətinin Gölcük rayonu olmaqla Türkiyənin Mərmərə bölgəsində baş vermiş 7.4 bal gücündə zəlzələ nəticəsində rəsmi rəqəmlərə görə 17 min 480 nəfər həlak olmuşdu.

Faciənin qurbanlarının xatirəsinə ehtiram olaraq Kavaklı məhəlləsi sahillərində anma mərasimi təşkil olunub. Mərasimdə zəlzələ qurbanlarının ruhuna dualar oxunub.

Qeyd edək ki, bu yeraltı təkan Türkiyə ərazisində tarix boyu meydana gələn ikinci ən güclü dağıdıcı zəlzələ olaraq qiymətləndirilir. Həm əhali sıxlığı, həm də iqtisadi baxımdan Türkiyənin əhəmiyyətli bölgəsinə – Kocaeli, İstanbul, Yalova və Sakarya vilayətlərinə təsir edən 17 avqust zəlzələsi nəticəsində 285 min ev ağır zədələnmiş, 133 mindən çox evin çökməsi nəticəsində təxminən 600 min insan evsiz qalmışdı.