Özbəkistanın tanınmış yazarı, "Kitab dünyası" qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü Xasiyyət Rüstəmin İkinci Qarabağ müharibəsinə həsr olunan "44 gün" kitabının təqdimatı keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) maliyyə dəstəyi ilə işıq üzü görən kitabda müəllifin "Adı Lalə idi o qızın..." poeması da yer alıb.

Tədbiri giriş sözü ilə açan Əli Kərim adına Sumqayıt şəhər Poeziya evinin direktoru İbrahim İlyaslı yeni nəşri həm Azərbaycan, həm də özbək oxucuları üçün çox dəyərli kitab adlandırıb. O, tarixçi-yazar Şöhrət Barlasın (Salamov) da Türk dünyası üçün önəmli işlərə imza atdığını vurğulayıb. Qeyd edib ki, həm Xasiyyət xanım, həm də Şöhrət Barlas Özbəkistan-Azərbaycan ədəbi-mədəni bağlarının möhkəmlənməsindəki xidmətlərə görə Sumqayıt şəhər Poeziya evinin fəxri üzvü seçiliblər.

Kitabın ədəbi məsləhətçisi, Milli Məclisin Mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayeva Xasiyyət Rüstəmin fədakar əməyini yüksək dəyərləndirib: "Dünyanın müxtəlif yerlərində eyni qanı daşıdığımız qardaşlarımız var. Amma 44 günlük müharibə dövründə qardaşlarımız arasında susanlar oldu. Ürəyi bizimlə döyünən qardaş-bacılarımızı da gördük. Zəfərimizə bizimlə birgə sevindilər. Xasiyyət xanım da onlardan biridir".

Xasiyyət Rüstəmin Özbəkistanda Azərbaycan mədəniyyətinin, ədəbiyyatının təbliğində dəstəyini əsirgəmədiyinə diqqət çəkən deputat şairənin Tovuz hadisələrinə (iyul 2020) həsr olunmuş kitabını xüsusi vurğulayıb: “Xasiyyət Rüstəmin Vətən müharibəsi dövründə Azərbaycanın haqq səsini Özbəkistanda duyurması çox önəmli idi. Orada ermənilər də yaşayır. Onların bizə qarşı təbliğatının qarşısının alınmasında məhz Xasiyyət xanım və Şöhrət bəyin böyük rolu olub”.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov Şuşa səfərinin unudulmaz olduğunu dilə gətirib: "Şuşaya məhz özbək qardaşlarla səfər etməyimizin səbəbi onların dar günlərdə bizə göstərdiyi dəstəkdir. Müharibə dövründə əlimizdən gələn qədər özbək qardaşlarımızı maarifləndirir, Azərbaycan həqiqətlərini təbliğ edirdik. Mədəniyyət Mərkəzi 44 gün ərzində 244 məqalə dərc etdirdi. Xasiyyət xanım və Şöhrət bəy bizə bu işdə çox böyük dəstək göstərdilər".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Vətən müharibəsi dövründə, demək olar ki, hər gün Şöhrət Barlasla təmasda olduğunu bildirib: “Daha çox Türkiyənin, Pakistanın adı çəkilirdi, amma Özbəkistan Ön Asiyada fərqlənirdi. 70 il bizə təlqin ediblər ki, biz qardaş deyilik. Dost kimi Qafqaz xalqlarını göstərirdilər. Lakin son illər özbəklərlə bizim qardaşlıq əlaqələrimizin qədim köklərə malik olduğunu sübut edən ziyalılar sayəsində gerçəklik ortaya çıxdı”.

Şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, AYB-nin mətbuat katibi Xəyal Rza çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür edib, müəllifi yeni nəşr münasibətilə təbrik ediblər.

Sonda özbək qonaqlara Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi "Milli Ordu – 100" medalı təqdim olunub.