O, igidliyi, mərdliyi, dürüstlüyü ilə təkcə bir ailənin, bir nəslin yox, bir xalqın, bir ulusun Vüsalına çevrilə bildi. Ailəsinin, bütünlükdə nəslinin yeganə soy davamçısı olan Vüsal şəhadəti ilə neçə-neçə nəslə, doğulacaq daha neçə-neçə Vüsala igidlik, vətənsevərlik, əsl kişilik məqamının, şəhadətlə səadətə qovuşmağın vüsalından “danışdı”.

32 yaşlı bu gülərüz, nikbin, həyatsevər şəhidimizi xatırladıqca istər-istəməz hamımızın gözləri dolur. Sonra tez özümüzü yığışdırır, onun döyüşlərə yola düşərkən anasına verdiyi ciddi “Ağlama ha, ağlama! Ağlasan, məndən incimə!” tapşırığını xatırlayır və kiriyirik. Çünki o, ölümə dik baxaraq getmişdi Vətən torpağını, doğulduğu Qubadlını azad etməyə. Deməli, yaşamağı, həyatı çox sevsə də, ən böyük arzusuna, ən müqəddəs amalına, ən böyük vüsalına – şəhadətinə gülə-gülə, ürəklə, necə deyərlər, toy-bayramla getmişdi.

Onun Sumqayıtdan cəbhəyə yollanarkən avtobusun pəncərəsindən boylanan gülümsər üzü, zəfər işarəsi verən əli və anasına “Ağlama ha, ağlama!” tapşırıqlı qısa videosu sosial şəbəkələrə ildırım kimi düşdü. Hamı o kadrları paylaşıb Vətən müharibəsi igidinə uğurlar dilədi, ondan qələbə müjdəsi istədi. Beləcə, sentyabrın 30-da döyüşə yollanan hamımızın sevimli qəhrəmanı Vüsal Allahverdiyev oktyabrın 30-da şəhadətə ucaldı, yəni vüsalına yetdi...

Vüsal Tahir oğlu Allahverdiyev 16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olmuşdu. 5 yaşından taleyinə məcburi köçkünlük yazılan, Qubadlıdan Sumqayıta köç edən Vüsal Vətənə sevgi, düşmənə nifrət ruhunda formalaşmışdı. Atasının, əmisi və dayısının Birinci Qarabağ müharibəsi iştirakçısı olmaları, evlərində hər zaman Qarabağ, Qubadlı həsrətli söhbətlərin aparılması onu da uşaqlıq yaddaşında ilişib qalan doğma el-obasına səsləyirdi.

9-cu sinfə qədər Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbdə, 10-11-ci sinfi isə şəhərdə yerləşən Qubadlı şəhər 2 nömrəli tam orta məktəbdə oxuyub. 2010-cu ildə Kooperasiya Universitetinin Maliyyə-kredit və mühasibat uçotu fakültəsini bitirdikdən sonra hərbi xidmətə yollanır, əsgəri borcunu Gəncədə ödəyir. Hərbi xidmətdən qayıtdıqdan sonra bank sektorunda çalışmağa başlayır.

İstər işində, istərsə də dostları arasında böyük rəğbət qazanan Vüsal torpaqlarımızın işğalına qarşı barışmaz mövqeyini ortaya qoyur, tez-tez “Müharibə başlayan kimi ön sırada mən gedəcəm, Qubadlıya bayraq sancacam” deyib döyüş əmrinin verilməsini gözləyirdi. Xüsusən 2020-ci ilin iyulunda düşmənin Tovuz istiqamətində törətdiyi təxribatlardan sonra özünə yer tapmayaraq, dəfələrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt və Qubadlı bölmələrinə gedir, könüllü olaraq ordu sıralarına yazılmaq istədiyini israrla tələb edir.

Ona “Sən nəinki evin, nəslinizin tək oğlan övladısan, getmə” söyləyənlərə də bərk qəzəblənərək “Bu nə sözdür? Qardaşlar gedib mənim rayonumun, doğulduğum torpağın işğaldan azad olunması üçün döyüşəcək, şəhid olacaq, mən də tamaşa edəcəm?! Başa düşün, mən cəbhəyə getməsəm, camaat arasına çıxa bilmərəm!” deyirdi.

Nəhayət, istəyinə çatır və cəbhəyə yollanır. Cəbrayıl, Hadrut istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edir. Yaralı komandirini güllə yağışından xilas edir. Füzuli, Xocavənd uğrunda ağır əməliyyatlarda da cəsarət nümayiş etdirir. Bir neçə döyüşçü yoldaşını mühasirədən çıxarır. “Mütləq qalib gələcəyik” deyib daim irəli can atır...

Vüsalın xüsusi bir millət, bayraq sevgisi də var idi. Otağını tarixi kitablar, dövlət rəmzləri, bayraqlarla bəzəmişdi. Cəbhəyə yola düşərkən də ən böyük bayrağını özü ilə götürmüşdü.

Ən böyük arzusu Qubadlıya bayraq sancmaq, oradakı evlərini tapmaq və valideynlərinə doğulduğu evdən zəng eləmək idi. Amma təəssüf ki, o, bu istəyinə yetə bilmir. Füzuli, Xocavənd istiqamətində həyata keçirilən hücum zamanı şəhadətə ucalır. Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Vüsal Allahverdiyev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Vüsalın əziz xatirəsi və gülümsər çöhrəsi uzun illər gözlərimiz önündən getməyəcək və biz Vətəni alınmaz qalaya çevirən bu oğullar sayəsində qalib vətəndaş olmağın səadətini yaşayacağıq. Onun arzuladığı kimi: nikbin, qürurlu və şən...

Həmidə NİZAMİQIZI