Avqustun 25-26-da İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) iclası keçirilib.

İclasın açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gənclərə videomüraciəti təqdim edilib. Hazırda dünya tarixinin ən təlatümlü dövrünü yaşadığımızı vurğulayan Ərdoğan qlobal səviyyədə ciddi narahatlıqlar doğuran təhlükəsizlik problemləri, terror fəaliyyətləri və pandemiya nəticəsində sabitliyin tam təmin olunmadığını deyib. Bildirib ki, bəşəriyyəti  təhlükə altında qoyan bu problemlər, təəssüf ki, İslam coğrafiyasında daha dərin izlər qoyur.

Türkiyənin dünyada hökm sürən bu ədalətsizliyə qarşı mübarizə apardığını vurğulayan dövlət başçısı müsəlmanların haqsızlıqlara qarşı daha sərt mövqe nümayiş etdirmələrinin vacibliyini bildirib. Türkiyə Prezidenti bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşdüyünü qeyd edib.

İƏT-ə üzv olan 56 ölkənin nümayəndələrinin iştirak etdikləri tədbirdə “İslam əməkdaşlığında gəncliyin strategiyası” mövzusu başda olmaqla gənclərin inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi, mədəniyyət, incəsənət, idman sahələrindəki fəaliyyətləri və əldə etdikləri nailiyyətlər, eləcə də ətraf mühit və s. məsələlər müzakirə olunub.

İclasda İƏT GF-nin prezidenti Taha Ayhanın hesabat məruzəsi dinlənilib, bir sıra təşkilati məsələlərə baxılıb.